9 iyul 2011 19:22
Slavço Georgievski: Xorvatiya çempionundan qorxmuruq
"Komandada əhval ruhiyyə yüksək səviyyədədi. Hazırlıq prosesindən çox razıyıq. Fikrimcə, toplantı çox səmərəli oldu". Azerisport.az xəbər verir ki, bu sözləri hazırda Avstriyada təlim-məşq toplanışında olan "Neftçi"nin futbolçusu Slavço Georgievski klubun rəsmi saytına açıqlamasında deyib.
Makedoniyalı futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibimiz Zaqreb "Dinamo"su haqqında da danışıb: "Biz "Dinamo" ilə oyuna həm fiziki, həm də psixoloji tərəfdən hazırıq. Xorvatiya çempionundan qorxmuruq, sadəcə, rəqibə hörmət edirik. Çünki "Dinamo" son illərdə Avropada uğurlu çıxışı ilə seçilir, bu klubun böyük tarixi və adət-ənənəsi var. Güclü futbolçulara malik komandadır. Amma "Neftçi" də böyük klubdur, bizdə də səviyyəli futbolçular oynayır, bizim də gözəl tariximiz var. Ona görə də dediyim kimi, rəqibdən çəkinmirik. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
