9 iyul 2011 21:54
Amit Quluzadə Türkiyə klubunda debüt etdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə Türkiyənin “Erciyesspor” klubunun düşərgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən ayın 30-dan toplaşan Kayseri klubu elə öz bazasında hazırlaşır.
“Neftçi”nin sabiq üzvü də komanda ilə hazırlıqlarını davam etdirir. Bu gün isə Amit Türkiyə klubunun heyətində ilk oyununa çıxıb. Belə ki, “Erciyesspor” yeni mövsümə hazırlıq çərçivəsində ilk sınaq matçını keçirib. Rəqib isə Superliqa və eyni şəhərin digər təmsilçisi “Kayserispor” olub.
Kayseri idman bazasında baş tutacaq qarşılaşmada baş məşqçi Fikret Yılmaz həmyerlimizə də şans verib. Amit qarşılaşmanın start heyətində meydana çıxıb. Lakin təəssüf ki, millimizin üzvü bu görüşdə komandasına elə də ciddi köməklik edə bilməyib. Superliqa təmsilçisi 12-ci dəqiqədə Gökhan Ünalla hesabı açıb. 45-ci dəqiqədə Emrah Bozkurt hesabı bərabərləşdirsə də, matçın qalan dəqiqələrində Ömer Hasan Şişmanoğlu və Semih Aydilek “Kayserispor”a qələbə qazandırıb – 3:1.
