9 iyul 2011 11:02
Neftçi, Qarabağ və Xəzər Lənkəranı gözləyən nəhənglər
İyulun 15-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq sözügedən mərasimin başlama saatı da dəqiqləşib. Belə ki, ÇL-in püşkatması Bakı vaxtı ilə saat 15:00, Avroliqanın püşkatması isə 16:30-da start götürəcək.
Bu püşkatmada Azərbaycanın klublarının da potensial rəqiblərinin kimliyi bəlli olacaq. Belə ki, ÇL-dəki təmsilçimiz “Neftçi” Xorvatiya çempionu “Dinamo” (Zaqreb), Avroliqadakı təmsilçilərimiz “Xəzər Lənkəran”la “Qarabağ” isə müvafiq olaraq İsrail “Maccabi”si (Təl-Əviv) və Farar adalarının “Streymur” klubu ilə cavab görüşündən öncə növbəti potensial rəqibini də tanımış olacaq. Yəni komandalarımız növbəti mərhələyə vəsiqə qazanacağı halda məhz həmin klublarla qarşılaşmış olacaqlar.
Qeyd edək ki, iyulun 15-nə kimi “Neftçi” “Dinamo” ilə, ayın 14-də isə “Xəzər Lənkəran”la “Qarabağ” müvafiq olaraq “Streymur”la ilk oyununu keçirmiş olacaq. Hər üç klubumuz ilk matçını səfərdə keçirəcək ki, ən azı cavab matçında onların hər birinin növbəti mərhələyə vəsiqə qazanacağına ümid bəsləyə bilərik.
Klublarımızın potensial rəqiblərinə gəlincə, öncə “Neftçi”ni ÇL-in üçüncü təsnifat mərhələsində gözləyən komandaların siyahısına nəzər salaq. Qeyd edək ki, Azərbaycan çempionu mərhələ adlayacağı halda çox böyük üstünlük qazanmış olacaq. Yəni “Neftçi” üçün “Dinamo”nu adlamaq bəlkə də tarixinin ən böyük uğuru kimi qiymətləndirilə bilər. Məsələ burasındadı ki, “ağ-qaralar” üçüncü təsnifat mərhələsindəki rəqibinə uduzsa da belə, ən azı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış olacaq. Oradakı rəqibini keçəcəyi halda isə “Neftçi” qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrup mərhələsində çıxış etmək şansına yiyələnəcək.
Amma paytaxt klubu “Dinamo”nu keçəcəyi halda onsuz üçüncü təsnifat mərhələsindəki rəqibini də mübarizədən kənarlaşdırmağa borclu olacaq. Ona görə ki, komandamız bu mərhələnin püşkatması zamanı səpələnmişlərin – yəni ən güclü klubların sırasında yer alacaq. Bu isə “Neftçi”nin həmin komandalarla düşməyəcəyi anlamına gəlir. Hansı ki, həmin komandalar arasında Şotlandiyanın “Rangers”, Danimarkanın “Copenhagen” klubları ilə yanaşı ikinci təsnifat mərhələsinin ən yüksək reytinqə malik komandalarının yer aldığı cütlüklər var. Bu cütlüklər isə aşağıdakılardı:
BATE (Belarus) – Linfield (Şimali İrlandiya), Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina), Rosenborg (Norveç) – Breidablik (İslandiya), Partizan (Serbiya) – Skendija (Makedoniya), Skënderbeu (Albaniya) – APOEL (Kipr), Skonto (Latviya) - Wisla (Polşa), Sturm Graz (Avstriya) - Videoton (Macarıstan).
Göründüyü kimi, belədə “Neftçi” bu mərhələyə birbaşa qoşulan Şotlandiya və Danimarka çempionları ilə yanaşı, Belarus, İsrail, Norveç, İslandiya, Serbiya, Polşa çempionları ilə qarşılaşmayacaq.
“Neftçi”nin potensial rəqibləri isə səpələnməmişlər sırasında yer alacaq komandalar olacaq. Bu komandaların böyük əksəriyyəti ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan iştirakçılar olacaq. Azərbaycan çempionunun rəqibi də məhz həmin 9 cütün qalibindən biri və ya Belçika çempionu “Genk” olacaq. Çünki üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayacaq bu ölkənin təmsilçisi reytinq xalının az olması səbəbindən səpələnmişlər yox, səpələnməmişlər arasında yer almış olacaq. Bütövlükdə “ağ-qaralar”ın 10 potensial rəqibi qismində bu klublar təmsil olunmaq şansına malikdi:
Genk, Mogren (Çernoqoriya) - Litex (Bolqarıstan), “Slovan” (Slovakiya) – Tobol (Qazaxıstan), Punik (Ermənistan) - Viktoria (Çexiya), Maribor (Sloveniya) – “Dudelange” (Lüksemburq), “Bangor City” (Uels) - HJK (Finlandiya), Valletta (Malta) – Ekranas (Litva), Zestafoni (Gürcüstan) - Dacia (Moldova), Malmö (İsveç) – Torshavn (Farer adaları), Shamrock Rovers (İrlandiya), Flora (Estoniya) cütlərinin qalibləri və “Genk” (Belçika).
Avropa Liqasındakı təmsilçilərimiz “Xəzər Lənkəran”la “Qarabağ”a gəlincə, bu klublarımız növbəti mərhələdə güclü rəqiblərlə üz-üzə qalmalı olacaq. Çünki hər iki klubumuz üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlərin – yəni reytinqinə görə daha zəif komandaların sırasında yer alacaq ki, belələrinə də reytinq xalları daha yüksək olan güclü kollektivlər rəqib olmalıdı.
Avroliqanın üçüncü təsnifat mərhələsindən birbaşa mübarizəyə qoşulan 30 iştirakçı olacaq. Onlardan 8-i - “Hajduk” (Xorvatiya), “Omonia” (Kipr), “Legia” (Polşa), “Ried” (Avstriya), “Gomel” (Belarus), “Senica” (Slovakiya), “Stromsgodset” (Norveç) və “Sligo Rovers” (İrlandiya) “Qarabağ” və “Xəzər Lənkəran”la birgə səpələnməmişər sırasında yer alacağından komandalarımıza rəqib olmayacaq.
Birbaşa bu mərhələdən mübarizəyə qoşulacaq qalan 22 komanda isə təmsilçilərimizin potensial rəqibləri olacaq. Həmin klublar aşağıdakılardı: “Stoke City (İngiltərə), “Vitoria” (Portuqaliya), “Levski” (Bolqarıstan), “Helsingborg (İsveç), “Atletico” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), “Mlada Boleslav” (Çexiya), “Crvena Zvezda” (Serbiya), “Palermo” (İtaliya), “Bursaspor” (Türkiyə), “Sparta” (Çexiya), “Mainz” (Almaniya), PAOK (Yunanıstan), “Rennes” (Fransa), “Young Boys” (İsveçrə), “Hapoel” (Təl-Əviv, İsrail), “Alania” (Rusiya), “Brugge” (Belçika), “Karpatı” (Ukrayna), “Brondby” (Danimarka), “Dinamo” (Buxarest, Rumıniya), “Hearts” (Şotlandiya).
Lakin “Xəzər Lənkəran” və “Qarabağ”ın potensial rəqibləri bunlarla da kifayətlənməyəcək. Belə ki, ikinci təsnifat mərhələsində mübarizə aparan iştirakçıların reytinqlərinə görə ən yüksək xala malik olanlarının təşkil etdiyi cütlüklərin qalibləri üçüncü mərhələnin püşkatmasında məhz səpələnmişlər sırasında yer alacaqlar. Həmin cütlüklər isə aşağıdakılardı:
“Fulham” (İngiltərə) – “Crusaders” (Şimali İrlandiya), “Salzburg” (Avstriya) – “Metallurg” (Latviya), “Austria” (Avstriya) – “Rudar” (Çernoqoriya), “Anorthosis” (Kipr) – “Gagra” (Gürcüstan), “Žilina” (Slovakiya) - “Reykjavík” (İslandiya), “Nacional” (Portuqaliya) – “Hafnarfjardar” (İslandiya), “Vorskla” (Ukrayna) – “Glentoran” (Şimali İrlandiya), “Sheriff” (Moldova) – “Željezničar” (Bosniya və Herseqovina), “Elfsborg” (İsveç) – “Suduva” (Litva), “Den Haag” (Hollandiya) – “Tauras” (Litva), “Lokomotiv” (Bolqarıstan) - “Metallurg” (Makedoniya), “Gaziantepspor” (Türkiyə) – “Minsk” (Belarus), “Olympiakos” (Yunanıstan) – “Rad” (Serbiya) cütlərinin qalibləri.
İkinci təsnifat mərhələsinin qalan 27 cütündən ikisini məhz öz təmsilçilərimiz təşkil edəcək. Yerdə qalan 25 cütün qalibləri isə elə “Qarabağ” və “Xəzər Lənkəran”la birgə səpələnməmişlər sırasında yer tutacağından və təmsilçilərimizə rəqib olmayacağından onları qeyd etməyə ehtiyac duymuruq.
