10 iyul 2011 00:01
Qarabağ`ın cırtdan ölkəyə gedəcəyi tarix açıqlandı
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Avroliqanın ilk təsnifat mərhələsində Litvanın “Banga” klubunu darmadağınla keçən Qurban Qurbanovun komandası dərhal hazırlıqlara start verib.
Qitəmiqyasli yarışın ikinci mərhələsində Farer adalarının “Streymur” klubu ilə qarşılaşacaq ağdamlılar “Banga” ilə matç ertəsi bir məşqlə kifayətlənib. Çalışmada 90 dəqiqə meydanda olan futbolçular yüngül məşq keçiblər. Ötən günü də tək məşqlə keçirən komanda həftənin ilk gününə kimi məşqlərini Bakıda davam etdirəcək.
İyulun 12-də səhər saatlarında isə “Qarabağ” Bakı-İstanbul-Kopenhagen-Torshavn reysi ilə Farer adalarına yollanacaq. İyulun 13-ü oyunun keçiriləcəyi meydanda məşq edəcək komandamız bir gün sonra Bakı vaxtıyla 23:00-da “Streymur”la mücadiləyə çıxacaq.
