12 iyul 2011 13:31
Fırtınalar meydanında Maccabi – XL matçı həyəcanı
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” azarkeşlərinin Lənkəran şəhər stadionunun rəhbərliyinə müraciət ünvanladığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, arenanın direktoru Höccət Hacıyevə ünvanlanmış müraciətdə “ağ-yaşılları”ın Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə matçının canlı yayımını təşkil etmək xahiş olunmuşdu.
Məlum olduğu kimi, cənub təsmilçisi iyulun 14-də səfərdə səfərdə “Maccabi” ilə ilk oyununa çıxacaq. Lənkəranlı azarkeşlər isə həmin oyuna ayrı-ayrı evdə yox, birlikdə Lənkəran şəhər stadionunda baxmaq arzusundadılar. Belə ki, “Fırtınalar meydanı”nda yerləşdirilən böyük tablo vasitəsilə bu görüşü daha çox azarkeşin eyni vaxtda izləməsini təşkil etmək olardı.
Artıq arena rəhbərliyi azarkeşlərin bu müraciətinə cavab verib. Özü də müsbət. Belə ki, stadion rəhbərliyi həmin gün stadionu lənkəranlı azarkeşlərin ixtiyarına verəcək. Höccət Hacıyev matçın arenadakı tablo vasitəsilə yayımını təşkil etmək üçün əllərindən gələni edəcəklərinə söz verib.
Qeyd edək ki, “Maccabi” – “Xəzər Lənkəran” matçı iyulun 14-də “Blimfuld” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 22:30-da start götürəcək. Lakin bu görüşün həyəcanını komandalarından uzaq olmasına baxmayaraq onların yanında olmağa çalışan azarkeşləri də “Fırtınalar meydanı”nda hiss etmiş olacaq.
