12 iyul 2011 12:00
İvan Kelava: XL-la oyunlarda Dinamonun o vaxt bəxti gətirdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” klubunun qapıçısı İvan Kelava komandamızla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun qolkiperi keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Komandamızın bu oyundakı şanslarını çox yüksək qiymətləndirirəm. Şanslar 70-in 30-a “Dinamo”nun xeyrinədi. Hesab edirəm ki, bizim daha böyük təcrübəmiz var. Komanda rəqiblə müqayisədə daha güclüdü. Həm də biz dolu tribunalar qarşısında oynayacağımızdan müsbət nəticə qazanmaqdan başqa çıxış yolumuz yoxdu” – deyə Kelava bildirib.
Rəqibdən danışarkən, Kelava bunları söyləyib: “Mən əminəm ki, azərbaycanlılar ilk oyunda müdafiədən oynayacaqlar. Əvəzində əks-hücumlara üstünlük verəcəklər. Lakin bunun onlarda nə dərəcədə yaxşı alınması ilk növbədə bizdən asılı olacaq. Biz cütün taleyini ilk oyunda həll etmək istəyirik. Ev oyununda ancaq qələbəyə ümid edirəm”.
“Dinamo”nun digər futbolçuları kimi Kelava da Emil Mpenzanı xüsusi vurğulayıb: “Belçikalı əla hücumçudu. Onun karyerasına nəzər yetirin və görün necə klublarda forma geyib. Biz ona hörmət edirik və bilirik ki, nə qədər təhlükəlidi. Amma bizim qarşımızda böyük vəzifə durur: Çempionlar Liqasının təsnifat mərhələsini uğurla keçib qruplara düşməl”.
İvan Kelava hesab edir ki, “Dinamo” həm təcrübə, həm də ustalıq səviyyəsinə görə “Neftçi”dən üstündü: “Fikrimcə, bizim üçüncü təsnifat mərhələsinə adlamağımız üçün daha böyük şansımz var, nəinki “Neftçi”nin. Çünki biz son illərdə bir qayda olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Avrokuboklarda təcrübəmiz böyükdü. Adicə “Villareal”, “Brugge” kimi klublarla oynamağı bacarırsansa, deməli “Neftçi”ni keçməlisən”.
Amma bunlarla yanaşı 25 yaşlı qapıçı 4 il öncə komandasının “Xəzər Lənkəran”la duellərdə bəxtinin gətirdiyini də vurğulayıb: “O zaman mən “Xəzər Lənkəran”a qarşı forma geyməmişdim. Amma komandamız özünü zəif tərəfdən göstərdi. İndi isə hər şey tam başqadı. “Dinamo”nun o vaxt bəxti gətirdi, sadəcə əlavə vaxtda qələbə qolunu vura bildik. İndi isə biz “Neftçi”ni daha əminliklə mübarizədən kənarlaşdırmalıyıq”.
