14 iyul 2011 00:05
Rednik və XL üçün tarixi şans və ya növbəti asan gəzinti
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparacaq.
Bunlar “Qarabağ” və “Xəzər Lənkəran”dı. Məlum olduğu kimi, Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəldi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adladı. Burda isə Qurban Qurbanovun komandasını Farer adalarının “Streymur” klubu gözləyir. Hansı ki, təmsilçimiz bu rəqibini də çətinlik çəkmədən keçməyə borcludu.
Azərbaycan kubokunun qalibi olan “Xəzər Lənkəran” isə mübarizəyə məhz bu mərhələdən qoşulur. Lakin təəssüf ki, püşkatmada bəxti gətirməyən klublarımızdan olan cənub təmsilçisi güclü İsrail “Maccabi”sini (Təl-Əviv) mübarizədən kənarlaşdırmalıdı. Ümid edək ki, özündən zəif rəqib olan Belarus “Minsk”inə elə uduzaraq elə startdaca mübarizəni dayandıran AZAL-dan fərqli olaraq “ağ-yaşıllar” da “Qarabağ” kimi bizə növbəti mərhələ sevinci yaşada biləcək.
Mirça Rednikin çalışdırdığı komandanın növbəti mərhələyə adlamaq şanslarını artıran əsas məqam ilk matçın səfərdə keçirilməsidi. Cənublular məhz bu amildən maksimum yararlanaraq İsrail paytaxtından sərfəli nəticə ilə qayıtmalıdı. Belə olan halda çılğınlığı və möhtəşəm dəstəyi ilə seçilən lənkəranlı azarkeşlərin gözü önündə baş tutacaq cavab görüşündə “Maccabi”ni məğlub etmək olar. Hər halda bu komanda böyük beşlik ölkələrinin təmsilçisi deyil və bu komandaya qalib gəlmək olar. “Xəzər Lənkəran” rəhbərliyi isə Mirça Rednikin qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini qoyub. Deməli, bu komandanı mütləq keçmək lazımdı.
Maraq üçün xatırladaq ki, “Xəzər Lənkəran” indiyə qədər 4 dəfə avrokuboklarda ölkəmizi təmsil edib və hər dəfə uğursuzluqla üzləşib. Bunlardan biri 2007-ci ildə Çempionlar Liqasına təsadüf edib ki, o zaman “Neftçi”nin bu mövsümkü rəqibi olan Xorvatiya “Dinamo”su ilə üz-üzə gələn təmsilçimiz zaqreblilərə layiqli müqavimət göstərsə də, sonda mübarizəni dayandırmışdı. Digər duellər isə Avropa Liqasına təsadüf edib. Bütövlükdə avrokuboklarda 8 oyun keçirmiş “ağ-yaşıllar” bunlardan yalnız üçündə heç-heçəyə imza atdığı halda qalan görüşlərdə məğlubiyyət acısı dadıb.
Lakin bu dəfə artıq uğursuzluğa son qoymaq vaxtıdı. Əks halda son mövsümdə ölkə çempionluğunu da əldən verən Rednikin fəaliyyətinə uğursuzluqdan başqa qiymət verilə bilməz. Rumıniyalı mütəxəssis üçün “Xəzər Lənkəran”ın tarixinə düşməsi üçün gözəl şans var. O, mütləq bu şansdan yararlanmağa çalışmalıdı. Hər halda “ağ-yaşıllar” bu günə qədər qitə miqyaslı turnirlərdə nə qol vura, nə də qələbə qazana bilib. Deməli, Rednik üçün eyni vaxtda bir neçə ilkə imza atmaq şansı var: avrokuboklarda ilk qələbə, ilk dəfə növbəti mərhələ adlamaq kimi uğurların memarı.
Lakin təəssüf ki, təmsilçimiz üçün bəzi mənfi məqamlar da var. Bunlardan birincisi şübhəsiz ki, heyətlə bağlı çoxsaylı dəyişikliklərdi. Məlum olduğu kimi, avrokuboklardakı təmsilçilərimiz əvvəlki mövsümlərdə də ilk növbədə məhz bu məqamla bağlı ciddi problemlərlə üzləşirlər. Yeni gələn futbolçuların əksəri ilk matçına məhz belə taleyüklü qarşılaşmalarda çıxırlar ki, onların digər komanda yoldaşlarıyla anlaşması istənilən səviyyədə olmur. Hansı ki, “Xəzər Lənkəran”ın çempionluq mübarizəsindəki məğlubiyyətinin səbəblərindən də biri kimi də məhz qışda həyata keçirilən çoxsaylı islahatlar göstərilirdi. Amma bu siyasətin ən ağır nəticələrini klublarımız məhz avrokuboklarda görürlər. Ümid edək ki, “ağ-yaşıllar”ın çalışdırıcısı bu problemin öz mənfi təsirini göstərməməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avroliqanın ikinci təsnifat mərhələsi üçün cəmi 20 futbolçu sifariş edib ki, onlardan da yeddisi yenilərdi. Onların komandamız nə dərəcədə faydalı olacağını isə bu günkü görüş göstərəcək.
“Xəzər Lənkəran”ın “Maccabi” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Kamran Ağayev, 85. Kamal Bayramov;
Müdafiəçilər: 2. Elnur Abdullayev, 3. Elvin Beqiri, 4. Veldin Muharemoviç, 8. Eder Bonfim, 23. Şəhriyar Xəlilov;
Yarımmüdafiəçilər: 5. Dieqo Souza, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 18. Alim Qurbanov, 81. Rikardo Qomeş, 84. Julius Vobay;
Hücumçular: 9. Tsaba Borbeli, 15. Emeka Opara, 77. Marius Onofraş, 80. Joao Pinto.
“Qarabağ”la bağlı vəziyyət isə tam fərqlidi. Artıq son illərdə ölkəmizin avrokuboklardakı ən layiqli təmsilçisinə çevrilən bu komandaya bu il də inam böyükdü. Artıq bir mərhələ adlamaqla mövsümə parlaq zəfərlə start verən Qurbanovun yetirmələrinin Farer adalarının təmsilçisinə də eyni aqibəti yaşadacağına heç kim şübhə etmir. Özü də çoxları komandamızın cütün taleyini yenə elə ilk matçda həll edəcəyini proqnozlaşdırır. Əbəs yerə deyil ki, ağdamlılar Torshavndakı qarşılaşmanın favoriti hesab olunurlar. Lakin ümid edək ki, bütün bu deyilənlər və inamın çoxluğu komandamızda arxayınlığa gətirib çıxarmayacaq. Necə ki, Litva “Banga”sı ilə görüşlərdə bunu hiss etmədik.
Qeyd edək ki, “Qarabağ” Farer adalarına optimal heyətlə yollana bilib. Komanda yalnız ehtiyat oyunçulardan sayılan Tural İsgəndərovun yoxluğuna üzülə bilər ki, o da səfərə aparılmayıb.
“Qarabağ”ın “Streymur” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
22:30. Maccabi – Xəzər Lənkəran
Hakimlər: İlias Spathas, Qriqorios Panou, Dimitrios Qoukos, Stavros Mantalos (hamısı Yunanıstan).
Hakim-inspektor: Peter Jones (İngiltərə).
UEFA nümayəndəsi: Milovan Djukanoviç (Çernoqoriya).
Təl-Əviv. “Blumfild” stadionu.
23:00. Streymur – Qarabağ
Hakimlər: Mark Stiven Uitbi, Eduard Kinq, Filip Tomas, Brayan Ceyms (hamısı Uels).
Hakim-inspektor: Jari Maysonlahti (Finlandiya).
UEFA nümayəndəsi: Odd Flattum (Norveç).
Torshavn. “Qundadalur” stadionu.
