13 iyul 2011 17:02
İsrail səfirliyi XL-ın ittihamlarını əsassız sayır
Avropa Liqasında çıxış edəcək "Xəzər Lənkəran" sabah İsrail "Maccabi"si (Təl-Əviv) ilə səfərdə keçiriləcək oyuna bir qrup jurnalist və azarkeşi də aparmağı planlaşdırırdı. Lakin azarisport.az xəbər verir ki, dünən bu planın baş tutmayacağı bildirildi.
Cənub təmsilçisindən verilən açıqlamada buna səbəb kimi jurnalistlərə və azarkeşlərə vizanın verilməməsiylə izah etdilər. İsrailin ölkəmizdəki səfirliyi isə iddia edir ki, viza üçün sözügedən quruma heç bir müraciət daxil olmayıb. Yəni bu məsələyə görə İsrail səfirliyini ittiham etmək doğru deyil. Səfirliyin cavabını olduğu kimi diqqətinizə çatdırırıq:
"İsrail (“Maccabi”) və Azərbaycan (“Xəzər Lənkəran”) futbol klubları arasında keçirilən oyun ilə bağlı xəbər başlıqları ilə tanış olduq. Biz aydınlaşdırmaq istərdik ki, heç bir azarkeş və ya jurnalist bununla bağlı nə səfirliyə nə də İsrailin Xarici İşlər Nazirliyinə viza üçün müraciət etməyib. Beləliklə, heç kəs də onlara imtina etməyib. Komanda şəxsən bütün hazırlıqları öz əlaqələri vasitəsilə birbaşa İsrail ilə həyata keçirib. Biz hər iki ölkə arasında olan idman fəalliyyətlərini dəstəkləyirik. Çoxsaylı qruplar Azərbaycan və İsrailə bununla bağlı səfərlər edir. Və biz inanırıq ki ən yaxşı komanda qələbə çalacaq. İsrailin Bakıdakı səfirliyi gələcəkdə böyük məmnuniyyətlə Azərbaycanın idman komandasının baş tutacaq hər hansı səfərində yardım göstərməyə hazırdı".
