13 iyul 2011 19:28
Timisoara Parksı Bakıya satdığını təsdiqlədi
Son dövrlər kosta-rikalı hücumçu Uinston Parksın “Bakı”ya keçidi ilə bağlı çoxsaylı müzakirələr aparılmaqdadı. Azerisport.az nəhayət ki, bu fərqli açıqlamalara son qoymaq üçün kiçik araşdırma aparmaq qərarına gəldi.
Bəribaşdan onu qeyd edək ki, bir müddət öncə Parksın keçmiş klubu - “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov maraqlı bir iddia ortaya atmışdı ki, hər şey də ondan sonra başladı. Onun sözlərinə görə, Parks bir ay azad agent statusu daşıyıb. Halbuki, “Bakı” bu oyunçunu “Politehnica Timisoara”dan azad agent kimi yox, transfer haqqını ödəməklə aldığını bəyan etmişdi. Nadirov isə bir növ paytaxt klubunun aldadıldığını, bu futbolçuya görə lazımsız yerə qarşı tərəfə pul ödənildiyini bildirirdi.
Bu üzdən də Rumıniya klubu ilə əlaqə saxlayaraq, həqiqəti öyrənməyə çalışdıq. Klubdan bildirdilər ki, Parks azad agent kimi getməyib və “Bakı” ilə bu transferə görə qarşılıqlı razılaşma əldə olunub. Amma təbii ki, ödənilən məbləğ gizli saxlanıldı. Yəni Parksın paytaxt klubuna keçidi heç də pulsuz baş tutmayıb.
“Bakı” artıq Parksla iki illik müqavilə bağlayıb. İndi sadəcə bir qaranlıq məqam qalır: Uinston “Xəzər Lənkəran”da niyə qalmaq istəməyib? Qeyd edək ki, Parks cənub təmsilçisində ötən il icarə əsasında top qovurdu. O, 1+1 şərti ilə müqavilə bağlasa da, mövsüm başa çatandan sonra avrokuboklara vəsiqə qazanan komandada qalmaq istəməyib, “Bakı”nın təklifini qəbul etdi.
