14 iyul 2011 13:46
Neftçinin qənimi dubl edəcəyinə inanmırmış
Xorvatiya çempionu “Dinamo”nun hücumçusu İvan Krstanoviç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Neftçi” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, bu oyunda dubla imza ataraq komandamızın qəniminə çevrilən forvard 3:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Mən gözləmirdim ki, rəsmi debütüm bu qədər uğurlu alınar. Onları ailəmə həsr edirəm. Xüsusilə də bu oyunu izləməyə gəlmiş valideynlərimə. “Dinamo”nu bu oyunda dəstəkləmək üçün stadiona gələn hər bir kəsə minnətdarlığımı bildirmək istərdim. Dəqiq deyə bilərəm ki, hələ indiyə qədər belə möhtəşəm atmosferdə oyun keçirməmişdim. Növbəti mərhələyə vəsiqəni isə Bakıda qazanacağıq”.
