14 iyul 2011 14:54
Georgiyevski: Qolları Dinamo yox, özümüz vurduq
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Dinamo” ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ona görə uduzduq ki, öz şanslarımızdan yararlana bilmədik. “Dinamo” ilk 35 dəqiqədə qapımız qarşısında heç bir təhlükə yarada bilmirdi. Hətta azarkeşlər də bundan qəzəblənmişdilər. Amma adi vəziyyətlərdə səhvlər buraxdıq ki, rəqib də bundan maksimum yararlandı. Demək olar ki, bütün qolları özümüz vurduq. Fikrimcə, “Dinamo” ilə daha yaxşı oynamaq olar. Bakıda sona kimi döyüşəcəyik, 100 faiz gücümüzü meydanda qoymağa çalışacağıq. Qorxulu nəsə baş verdiyini düşünmürəm. Hər şeyin necə başa çatacağını ancaq Allah bilir”.
