14 iyul 2011 16:33
Mənsimov Maccabi ilə oyunu azarkeşlərlə birgə izləyəcək
Bu gün Lənkəran şəhər stadionunda ölkə futbolu tarixində ilk dəfə qeydə alınacaq bir layihə gerçəkləşəcək. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrail təmsilçisi “Maccabi” ilə Təl-Əvivin “Blumfeld” stadionunda keçirəcəyi ilk oyun “Fırtınalar Meydanı”nın tablosunda canlı yayımda təqdim olunacaq.
Azarkeşlər tribunlarda yerlərini alaraq bu oyunu birlikdə izləyəcəklər. Artıq “Xəzər Lənkəran” komandasının futbolçuları da bu layihədən məlumatlıdırlar. Lənkəran stadionunun direktoru Höccət Hacıyev də bütün texniki məsələlərin öz həllini tapdığını və canlı yayımın təqdimi üçün stadionun tam hazır olduğunu bildirib. Canlı yayımda səs effektlərinin təmin etmək üçün əlavə avadanlıqların da quraşdırıldığını bildirən direktor daha bir maraqlı açıqlama ilə diqqət çəkib.
Hacıyevin sözlərinə görə, klub prezidenti Mais Mənsimov da "Xəzər Lənkəran"ın oyununu azarkeşlərlə birgə izləmək üçün stadiona təşrif buyuracaq: "Klubumuzun prezidenti azarkeşlərin yanında olmaq və oyunu onlarla birgə izləmək istədi. O səbəbdən də sabah prezident satdionda olacaq". (12-ci oyunçu)
