15 iyul 2011 14:10
Neftçi hər kəsdən üzr və kömək istədi
Azərbaycan çempionu “Neftçi” futbol ictimaiyyətinə müraciət ünvanlayıb. Azerisport.az həmin müraciəti olduğu kimi sizə təqdim edir:
“2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Neftçi" PFK UEFA Çempionlar Liqasına yüksək səviyyədə hazırlaşıb. Türkiyə və Avstriyada təlim-məşq toplanışı keçən komandamız güclü klublarla yoxlama görüşündə qüvvəsini sınayıb. Flaqman Avstriyada Çexiya və Albaniya çempionları, eləcə də Rumıniya vitse-çempionu ilə qarşılaşıb. Bir sözlə, "Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə oyunları üçün maksimal dərəcədə hazırlıq keçib.
Bununla belə, "ağ-qaralar" püşkün bəxş etdiyi Avropanın güclü komandalarından biri – Xorvatiya çempionu "Dinamo" ilə iyulun 13-də keçirilən səfər oyununda acınacaqlı hesabla məğlub oldu. Buna görə də məşqçilər korpusu və futbolçular adından futbol ictimaiyyəti, kütləvi informasiya vasitələri, eləcə də azarkeşlərə üzrxahlıq edərək, bildiririk ki, iyulun 19-da baş tutacaq cavab oyununda məğlubiyyətin əvəzini layiqincə çıxmağa çalışacağıq. Sizlərdən "Neftçi"yə bu yolda yardımçı olmağı, sevimli və doğma komandanızı sonadək dəstəkləməyinizi xahiş edirik.
"Neftçi" PFK olaraq iyulun 19-da "Dinamo" ilə keçiriləcək cavab oyununda komandamızın gözəl oyun göstərərək, məğlubiyyətin əvəzini layiqincə çıxacağına inandığımızı bildiririk”.
