17 iyul 2011 13:07
Araz Abdullayev İngiltərədə tərif qazandı (FOTOLAR)
Azərbaycan millisinin yarımmüdafiəçisi, “Neftçi”nin sabiq üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Everton" klubu Rusiyanın paytaxtı Moskvada keçirilən "Lev Yaşin Kuboku" uğrunda yarışda 3-cü yeri tutub. Azerisport.az xəbər verir ki, İngiltərə klubunun 21 yaşadək futbolçulardan ibarət komandası "Dinamo" üzərində 2:0 hesablı qələbə qazanıb.
"Everton" 53-cü dəqiqədə azlıqda qalsa da, bundan cəmi 2 dəqiqə sonra hesabı açıb. İlk qolun müəllifi Konor Makenli 70-ci dəqiqədə dublunu rəsmiləşdirib.
Bir gün öncə "Frayburq"a qarşı keçirilən görüşdən fərqli olaraq Araz Abdullayevin çıxışı bu dəfə uğurlu alınıb. İngiltərə mətbuatı əsas heyətdə meydana çıxan həmyerlimizin ünvanına xoş sözlər işlədib: "Yaxşı oyun nümayiş etdirən Araz Abdullayev həm ustalığı, həm də yüksək tempi ilə sevindirdi”.
