19 iyul 2011 00:05
Neftçi üçün ləyaqətli vida və ya möcüzə şansı
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunlar içində Azərbaycan futbolsevərlərini yaxından maraqlandıran bir qarşılaşma var.
Belə ki, son ölkə çempionu “Neftçi” Xorvatiyanın paytaxtı Zaqreb şəhərini təmsil edən “Dinamo” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hansı ki, bir həftə öncə məhz sözügedən şəhərdə baş tutan ilk oyunda təmsilçimiz arzulolunmaz və böyük hesablı məğlubiyyətlə üzləşmişdi. İlk qolu ofsaydla, son qolu şübhəli və ədalətsiz penalti qərarıyla mübahisə obyektinə çevrilsə də, hər halda “Neftçi”nin güclü rəqibiylə ev oyununa 0:3 hesablı yenilgiylə başlayacağı faktdı.
Məhz belə məğlubiyyət üzündən təmsilçimizin mərhələ adlamaq şansları çox aşağı qiymətləndirilir. Çünki komandamız indi mərhələ adlamaq üçün Xorvatiya çempionunu ən azı 4 top fərqi ilə məğlub etməlidi. Yəni, hətta 4:1 hesablı qələbə də “Dinamo”nun işinə yarayacaq. Arif Əsədovun yetirmələri möcüzəyə bərabər olacaq bu vəzifənin öhdəsindən gəlmək üçün qol buraxmamaq şərtilə ən azı 4 qol vurmalıdılar. Komandamız ən azı 1 səfər qoluna imza ata bilsəydi, şansları daha çox ola bilərdi. Amma təəssüf ki, 3 cavabsız qolla uduzması indi çempionumuzu çətin durumda qoyub.
Lakin mərhələ adlaya bilməsə də belə, “ağ-qaralar” “Dinamo”nu mütləq Bakıdan məğlub yola salmağa çalışmalıdılar. Çünki bu komanda ilə ev oyununa gələn azarkeşlər futbolçularımızdan ancaq qələbə gözləyəcəklər. Ola bilər ki, futbolsevərlərimiz növbəti mərhələyə adlamaq şansı az olduğu üçün stadionu tam doldurmasınlar. Amma zaqrebli fanatların “Maksimir”i tam doldurmasına cavab olaraq bizim azarkeşlər də mərkəzi arenada boş yer qoymamalıdılar. Belədə “Neftçi” növbəti mərhələyə adlaya bilməsə də, ən azı layiqli oyun sərgiləməyə və azarkeşlərin dəstəyinin qarşılığı olaraq qələbə qazanmağa borcludu. Həm öz qisasını alıb ilk oyundakı darmadağına layiq olmadığını isbatlamaq, həm də ölkəmizin UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırmaq üçün bu qələbəyə böyük ehtiyacımız var. Ən azı bu il də olmasa, növbəti ildə bunun bəhrəsini görmək üçün.
Yeri gəlmişkən, Zaqreb “Dinamo”su artıq bizə əvvəlki mövsümlərdən tanışdı. Belə ki, 2007-ci ildə Çempionlar Liqasında “Xəzər Lənkəran” məhz bu komanda ilə üz-üzə gələrək hər 2 oyunda 1:1 hesablı heç-heçəyə nail olsa da, Zaqrebdəki cavab görüşünün əlavə vaxtında 2 qol buraxaraq, mübarizəni dayandırmışdı. Odu ki, “Neftçi” bir növ həm də “ağ-yaşıllar”ın qisasını almağa çalışmalıdı. Bundan əlavə, Lənkəran klubunun aqibətini yaşasa da belə, ən azı ev oyununda qələbə qazanmaqla əzəli rəqibindən daha layiqli mübarizə apardığını isbatlamalıdı. Əks halda illər sonra Azərbaycan futbolunun inkişaf etdiyinə dair fikirlər bir daha puç olacaq.
Qeyd edək ki, “Neftçi” son 2 mövsümdə qitə miqyaslı turnirlərdə iştirak etmirdi. Bu dəfə isə flaqman Avropa səhnəsinə çempion kimi qayıdıb və ölkəmizi ÇL kimi mötəbər turnirdə təmsil etmək hüququ qazanıb. “Ağ-qaralar” bütövlükdə indiyə qədər 29 dəfə qitə miqyaslı oyun keçiriblər. Bunlardan 10-da qələbə qazanan təmsilçimiz daha 4 görüşdə rəqibləri ilə heç-heçəyə razılaşıb. 15 qarşılaşma isə bizim üçün üzücü hesabla başa çatıb. Yeri gəlmişkən, flaqmanın bu oyunlarından 11-i ÇL-ə təsadüf edib ki, bu turnirdə 4 qələbə qazanıb, 1 heç-heçə edən “Neftçi” qalan 6 görüşdə məğlubiyyətdən qaça bilməyib. Paytaxt klubu sonuncu dəfə 2008-ci ildə artıq tarixin yaddaşına köçmüş İntertoto kubokunda qüvvəsini sınamışdı. O vaxt təmsilçimiz bu turnirdə uğurla çıxış etmiş, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Belə ki, klublarımızın avrokuboklar karyerasında ilk dəfə məhz bu komanda 2 mərhələ keçməklə tarixə düşmüşdü.
Qeyd edək ki, “Neftçi”nin bu oyun öncəsi bir sıra üstünlükləri var. Məsələn, “Neftçi” klublarımızın əvvəlki mövsümlərdəki ən ağır problemlərindən olan ciddi heyət dəyişikliyinə əl atmayıb. Demək olar ki, heyətini qoruyan paytaxt klubu sadəcə 1 qapıçı alıb ki, bu da Serbiyanın “Crvena Zvezda” klubundan gələn Saşa Stamenkoviçdi. Uzun müddətdi birgə çıxış edən komanda üzvlərinin heyətdə saxlanılmasının bəhrəsini isə ən azı son illərdə “Qarabağ” artıqlamasıyla göstərə bilib. Ümid edək ki, “Neftçi”nin də bu siyasəti ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandamıza ancaq fayda gətirəcək. Baxmayaraq ki, güclü rəqiblə oyuna heç bir yeni transferin edilməməsi də müəyyən mənada tənqid obyekti ola bilər. Necə ki, olmaqdadı.
Digər tərəfdən bu cüt arasındakı cavab oyununun evdə keçirilməsi də Azərbaycan çempionuna müəyyən psixoloji üstünlük qazandırır. Axı komandamız səfərdən sərfəli nəticə ilə qayıtmasa da belə, evdə azarkeş dəstəyi altında nəsə edə bilər. Bunun üçün adlı-sanlı rəqibdən qorxmayıb, onlara qarşı layiqli müqavimət göstərmək, meydanda can qoymaq, əsl əzmkarlıq göstərmək yetər.
Üstəlik, artıq “Neftçi”nin itiriləsi bir şeyi qalmayıb. Yəni komandamız çıxıb rahatca öz oyununu sərgiləyə bilər. Hər ilə avrokubokların qrup mərhələlərində çıxış edən “Dinamo” isə ilk oyundakı üstünlüyünü əldən verməmək qorxusu altında ola bilər. Odu ki, “Neftçi” bu amildən maksimum yararlanmalıdı.
“Neftçi”nin ÇL-in ikinci təsnifat mərhələsi üçün sifariş ərizəsi:
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Elçin Sadıqov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18, Ruslan Əmircanov, 26. Kərim Diniyev;
Yarımmüdafiəçilər: 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 8. Elmar Baxşiyev, 9. Flavinyo, 11. Cavid Hüseynov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev;
Hücumçular: 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 22. Ruslan Qurbanov, 28. Emin Mehtiyev.
“Dinamo”nun ÇL-in ikinci təsnifat mərhələsi üçün sifariş ərizəsi:
Qapıçılar: 12. Filip Lonçariç, 30. İvan Kelava, 31. Oliver Zelenika;
Müdafiəçilər: 3. Luis İbanes, 11. İvan Tomeşak, 13. Tonel, 14. Şime Vrsalko, 19. Tomislav Barbariç, 22. İqor Bişçan, 24. Domaqoy Vida, 25. Leandro Kufre;
Yarımmüdafiəçilər: 5. Adrian Kalello, 6. Ariyan Ademi, 7. Yerko Leko, 8. Mateo Kovaçiç, 10. Sammir, 15. Matias Çaqo, 16. Milan Badelj, 18. Mario Şitum, 20. Mehmed Alispahiç, 33. Antun Paliç, 77. Pedro Morales;
Hücumçular: 9. Andrey Kramariç, 17. Yakub Silvestr, 21. Fatoş Beçiray, 55. Ante Rukavina, 99. İvan Krstanoviç.
Qeyd edək ki, "Neftçi"nin "Dinamo" ilə ilk görüşü iyulun 13-də Zaqrebin "Maksimir" stadionunda baş tutmuşdu və 0:3 hesabıyla təmsilçimizin məğlubiyyəti ilə başa çatmışdı.
Çempionlar Liqası
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
21:00. Neftçi - Dinamo (Zaqreb, Xorvatiya)
(İlk oyun - 0:3)
Hakimlər: Hannes Kaasik (Estoniya), Tixon Kaluqin (Rusiya), Janus Mutli, Roomer Tarajev (hər ikisi Estoniya).
Hakim-inspektor: Leyf Sandell (İsveç).
UEFA nümayəndəsi: Yakes Antenen (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
