17 iyul 2011 00:57
Galatasarayın sabiq baş məşqçisi Sadıqovun oynadığı klubda
Türkiyə Superliqasında çıxış edən “Eskişehirspor” klubu özünə yeni baş məşqçi tapıb. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, sözügedən komandanı bundan sonra almaniyalı mütəxəssis Mixael Skibbe çalışdıracaq.
Klub rəhbərliyinin yaxın günlərdə onunla rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, “Eskişehirspor”un baş məşqçisi bir neçə gün öncə boşalıb. Türkiyə futbolunda danışılmış oyunlarla bağlı həbs olunan Bülent Uyğunun günahkar olduğu sübut olunan kimi klub rəhbərliyi onunla müqavilənin ləğvinə qərar vermişdi. Həmin gündən də yeni baş məşqçi axtarışları davam etməkdə idi.
Sonda onu da vurğulayaq ki, almaniyalı mütəxəssis 2008/09 mövsümündə Türkiyənin digər klublarından “Galatasaray”ı çalışdırmışdı. O, “sarı-qırmızılı” komanda ilə yollarını ayırdıqdan sonra Bundesliqa klublarından “Eintracht Frankfurt” sükanı arxasına keçmişdi. 45 yaşlı çalışdırıcı ötən mövsüm bu komanda ilə uğursuzluğa düçar olduğundan vəzifəsindən uzaqlaşdırılmışdı.
