18 iyul 2011 17:18
Ramin Musayev: Muğanı Simurq əvəzləyəcək
Salyanın “Muğan” klubu futbol üzrə 2011/12-ci il mövsümündə Azərbaycan Premyer Liqasında iştirakdan imtina edib. Bu haqda azerisport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, artıq bu barədə qarşı tərəf PFL-ə rəsmi müraciət ünvanlayıb: “Bu gün “Muğan” rəhbərliyi PFL-ə müraciət edərək onları Premyer Liqada iştirakdan azad etmələrini xahiş etdi. Onlar birinci divizionda oynamaqla uşaq futboluna, yerli futbolçulara diqqət ayırmaq fikrindədilər. Biz dərhal Premyer Liqada oynamaq istəyən digər klublarımıza müraciət ünvanladıq. Bunlardan “Simurq”un prezidenti Anar Bəkirov bizə müsbət cavab verib. Amma hələ qərarımızı verməmişik. İstənilən halda böyük ehtimalla Salyan klubunu elitada zaqatalalılar əvəzləyəcəklər”.
Qeyd edək ki, yeni mövsüm öncəsi elitaya vəsiqə qazanmış “Abşeron” da dağıldığı üçün yerini “Sumqayıt Şəhər”ə vermişdi. Bu isə artıq ikinci belə oxşar hadisədi. Bunlar azmış kimi, “Kəpəz”in də sponsorsuz qaldığı və dağılacağına dair xəbərlər dolaşmağa başlayıb. Premyer Liqanın yeni mövsümününü püşkatma mərasimi isə iyulun 22-də olacaq.
