19 iyul 2011 21:55
AZAL İran klubu üzərində qələbəni əldən verdi (YENİLƏNİB)
İyul ayının 16-dan etibarən Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışına cəlb olunan AZAL bu gün ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, İran təmsilçisi "Fulad"la qarşılaşan "təyyarəçilər" meydançadan heç-heçə ilə ayrılıb.
Matçda hesabı 21-ci dəqiqədə AZAL-ın bolqarıstanlı legioneri Enyo Krastovçev açıb. Enyo 43-cü dəqiqədə də rəqib qapısına yol tapıb - 2:0.
Fasilədə baş məşqçi Elxan Abdullayev heyətdə dəyişiklik edib. O ikinci hissədə əsasən gənclərə və baxışa çağrılan oyunculara şans verdiyindən rəqib oyunda dönüş yarada bilib. Onlara həm də iranlı hakimlərin simpatiyası da kömək edib. Nəticədə iki top vuran "Fulad" hesabda tarazılıq yaradıb. Beləliklə, ilk yoxlama oyununda AZAL meydançanı heç-heçə ilə tərk edib: 2-2.
Yoldaşlıq oyunu
19 iyul
AZAL - Fulad - 2:2 (2:0)
