19 iyul 2011 16:15
Millimizin üzvü: Bu, sırf Avropa səviyyəli hazırlıq olacaq
“Qəbələ”yə qış fasiləsində qoşulsa da, qısa zamanda heyətdə yerini möhkəmlədən gənc hücumçu Murad Hüseynov komandanın hazırlığında ən fəallardandı. Azerisport.az xəbər verir ki, Azərbaycanda Almaniya millisinin qapısından keçən yeganə qolun müəllifi kimi adı futbol tariximizə düşən Murad “Qəbələ”nin London hazırlığından çox şey gözləyir:
“Bu arada nənəm dünyasını dəyişdi. Buna görə də yay tətilini evdə oldum. Bu hadisə ilə əlaqədar olaraq, əslində, düz-əməlli dincələ də bilməmişəm. Həm də millinin oyunlarına görə komanda yoldaşlarımdan fərqli olaraq istirahətə gec yollandım. Fərdi proqramla Mahaçqalada məşq etdiyimdən Qəbələdəki məşqlərdə mənə çətin olmadı. Məşqlər zamanı testdən də keçdik. Nəticələrə görə, hazırlıq səviyyəm yaxşıdı. Çempionat oyunlarına yarım ay qalır. O vaxta kimi, formamı optimal həddə çatdıracağam. Komandamız yaxşı, səviyyəli futbolçularla güclənib. Məşqlərdən də hiss olunur ki, mübariz komanda formalaşdırılır. İnanıram ki, “Qəbələ” bu il sözünü deyəcək. Londonda 7 gün ərzində 5 oyun keçirməliyik. Bu, sırf Avropa səviyyəli hazırlıq olacaq”.
