19 iyul 2011 16:39
Kruz: Azərbaycanda çox xoşbəxtəm (FOTO)
“Qəbələ”nin növbəti mövsüm üçün təzəcə başa çatdırdığı ilk təlim-məşq toplanışında yeni transferləri - braziliyalı Daniel Lopes Kruz, Luis Paolo İlario (Dodo) və seneqallı Viktor Mendi də iştirak edib. Azerisport.az xəbər verir ki, iyunun ilk günü 29 yaşını qeyd edən Daniel müdafiənin mərkəz və sol cinahında oynaması ilə tanınır.
Son üç mövsümü Portuqaliyanın “Naval” komandasında keçirən futbolçu “Qəbələ” ilə 2 illik müqavilə imzalayıb. “Qəbələ”yə qədər vətəni Braziliyada “Juventud”, “Corintians”(Alaqoano), “Alagoas”, “Mogi Mirim”, “Rio Branko” klublarında oynadıqdan sonra karyerasını Avropa klublarında davam etdirib.
Polşada “Legia” (2005/06), “Pogon” (2006-07) komandalarının şərəfini qoruyub vətənə qayıdan Daniel sonra “Coritiba” (2007), “Bahia” (2007), “Parana” (2008) klublarında top qovub. 2008-ci ilin yayında Portuqaliyaya üz tutub və “Naval”da oynamağa başlayıb.
O, “Qəbələ”yə keçidindən danışarkən bunları qeyd edib: “Agentim mənə “Qəbələ” haqqında ilk dəfə məlumatı verəndə dedi ki, komanda Azərbaycan çempionatında mükafatlar uğrunda mübarizə aparır və burada peşəkar klubun fəaliyyəti üçün güclü infrastruktur yaradılır. Komandaya tanınmış mütəxəssis Toni Adamsın başçılıq etdiyini eşitmək mənə çox xoş oldu”.
Futbolçu Azərbaycan haqqında Bakı “İnter”ində oynayan həmyerlisi Danildo Assiolidən məlumat toplayıb: “Naval”da müqavilə müddətim başa çatdığından azad agent statusu almışdım. Bu zaman agentim mənə dedi ki, Azərbaycandan yaxşı təklif var, gəl, müqavilə bağla. Agentimlə danışdıqdan sonra Azərbaycan və burdakı futbolun səviyyəsi ilə maraqlanmağa başladım. “İnter”də oynayan həmyerlim Danildo Assioli ilə əlaqə saxladım və Azərbaycan futbolu, çempionatınız barədə dəyərli məlumatlar aldım. Assioli mənə dedi ki, burada milli çempionatda komandalar arasında ciddi rəqabət var, “Qəbələ” isə ölkənin ən güclülərindən biridi. O mənə “Qəbələ”nin təklifinə müsbət cavab verib, Azərbaycana gəlməyi və gələrəmsə, bundan uduzmayacağımı dedi. Ondan ölkəniz və futbolunuz haqqında yalnız xoş sözlər eşitdim. Bu isə Azərbaycana gəlişimi tezləşdirdi. Bura gəldiyim gündən gördüklərim - komanda, futbolçular, buranın insanları və şəraiti – hamıaı ürəyimcədi. Burda çox xoşbəxtəm”.
