19 iyul 2011 18:38
“Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm”
“Qəbələ”nin qapıçısı Pavel Doroşev ötən mövsümdə etibarlı oyunu ilə yadda qaldı və haqlı olaraq, azarkeşlərin rəğbətini qazandı. Azerisport.az xəbər verir ki, 11 matçda qapısından top buraxmamaqla ötən çempionatda rekorda imza atan latviyalı qolkiperin “Qəbələ”nin uğurlarında rolu danılmazdı. Ötən ilin dekabr ayında komandayla müqavilə müddətini daha 2 il uzadan Pavel müsahibəsində özündən, yeni transferlərdən və komandasının növbəti mövsümdə məqsədlərindən danışdı.
- Pavel, yay tətilində necə dincəldiniz?
- Əvvəlcə ailəmlə birgə 2 həftə Türkiyədə dincəldim. Sonra isə istirahətimi evdə davam etdirdim.
- Ayyarımlıq fasilədən sonra ağır və intensiv məşq çətin olmadı ki?
- Qətiyyən. Yay tətili zamanı məşq etmək üçün bizə xüsusi proqram verilmişdi. Mükəmməl tərtib olunmuş həmin proqramın bütün şərtlərinə əməl etmişəm. Doğrudur, topa çıxmaq, zərbələri qarşılamaq və ritmə uyğunlaşmaq bir az çətindir. Amma fiziki hazırlıq baxımından heç bir çətinliyim olmadı.
- Ötən mövsüm süni, bu dəfə isə yeni təbii meydançada məşq edirsiniz. Necədi?
- Meydançalara söz ola bilməz! İdeal səviyyədədi! Karyeram ərzində çox meydança görmüşəm, amma beləsinə rast gəlməmişəm. Meydançalar bilyard masasının üstü kimi hamardı. Belə meydançadan hətta məşq etməyə gücün qalmasa da, ayrılmaq istəmirsən. Sanki adama əlavə enerji gəlir. Bu meydançada özünü əsl peşəkar kimi hiss edirsən, həvəskar kimi yox. Müqaviləyə görə hələ 2 il “Qəbələ”dəyəm. Başqa komanda haqqında düşünmürəm də. Karyeramı burda başa vurmaq istəyirəm.
- Hazırlığın ikinci hissəsini İngiltərədə keçirəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?
- Baş məşqçimiz Toni Adams hazırlıq planını çox diqqətlə tərtib edib. İngiltərədə fərqli şəraitdə məşqləri davam etdirəcək, güclü klublarla oynayacağıq ki, bu da çempionat öncəsi çox vacibdi.
- Yeni transferlərlə bağlı fikrini bilmək maraqlı olardı...
- Aleksandr Çertoqanovu, Mahir Şükürovu əvvəldən tanıyırdım. Hər ikisi əla futbolçulardı. Rövşən Əmiraslanovla Vurğun Hüseynov da mənə tanış oyunçulardı. Onlar komandaya çox xeyir verəcəklər. Yeni legionerlərə gəlincə, onları məşqlərdə görmüşəm. Hər ikisi (Daniel Lopez Kruz və Dodonu nəzərdə tutur - red) çox xoşuma gəldi. Komandaya seneqallı hücumçu da qoşulub – Viktor Mendi. O da yaxşı futbolçuya oxşayır.
- Yeni mövsümdən nə gözləyirsiz?
- Yalnız medal qazanmaq. Ötən il altılığa düşmək müzakirə olunurdusa, indi bu fikir yaxına da buraxılmır. Artıq 4 ildir “Qəbələ”dəyəm və komandamı qaliblər sırasında görmək istəyirəm. Mən “Qəbələ”yə gələndə komanda indiki səviyyədə deyildi. Bambaşqa şərait, infrastruktur və komanda qurulub. İndi komandaya elə futbolçular gətirilib, infrastruktur elə səviyyəyə çatdırılıb ki, medal, avrokuboklara vəsiqə qazanmağa, sadəcə, borcluyuq. Bu il medal qazana bilməsək, bizi heç kim başa düşməyəcək - nə azərbaycanlılar, nə də Toni Adamsın burda işlədiyini bilən avropalılar.

"Qəbələ FK"