19 iyul 2011 11:53
Xəzər Lənkəranda 5 debütant
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu 5 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednik İsrailin “Maccabi” klubu ilə Təl-Əvivdəki qarşılaşmada Eder Bonfim, Rikardo Qomeş, Joao Pinto, Tsaba Borbeli və Marius Onofraşa ilk dəfə “Xəzər Lənkəran” forması geyinmək imkanı verdi.
Bununla da bu 5 futbolçu rəsmi matçlarda “Xəzər Lənkəran” forması geyən oyunçuların siyahısına daxil olub. İsraildəki matçadək 126 oyunçuya bu komandanın şərəfini qorumaq nəsib olmuşdu. “Maccabi” ilə görüşdən sonra isə yenilərin də adını yazdırdığı siyahıda artıq 131 nəfər yer alıb.
XL tarixinin 131 futbolçusundan 52-si yerli, 79-u əcnəbidi. Bu fərqin daha da artmasına son 5 debütantın hamısının əcnəbi olması səbəb olub. Belə ki, Bonfimlə Qomeş braziliyalı, Paulo portuqaliyalı, Borbeli ilə Onofraş isə rumıniyalıdırlar. İndiyədək bu ölkənin hər birinin bölgə klubunda təmsilçisi olub. Rumıniya “Xəzər Lənkəran”da təmsil olunmuş 28 ölkə arasında liderliyini daha da möhkəmlədib. Sayı 10-a çatan braziliyalılar isə Türkiyəni arxada qoyub.
“Xəzər Lənkəran” forması geyinən legionerlər ölkələr üzrə: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna – hərəsi 1.
