19 iyul 2011 12:02
“Lənkəranda atmosferin yaxşı olmayacağını bilirik”
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın Avropa Liqasındakı rəqibi olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu cavab oyunu üçün artıq Lənkərana yola düşüb. Azerisport.az xəbər verir ki, Azərbaycana gəlməzdən öncə isə “Maccabi”nin baş məşqçisi vətənində mətbuat konfransı keçirib.
Jurnalsitlərin qarşısına çıxan Motti İvanir bildirib ki, o, komandanın bir neçə aparıcı futbolçusunun köməyindən istifadə edə bilməyəcək. Bununla belə heyətdə cavab oyununda layiqli çıxış edə biləcək kifayət qədər futbolçu olduğunu vurğulayan İvanir, daha sonra cavab görüşünün asan olmayacağını deyib:
“Cavab oyununda bizim üçün asan olmayacaq, ancaq biz də hər şeyi nəzərə almağa çalışırıq. “Blumfild”dəki oyunda qazandığımız qələbə hansı ki, daha çox qol vura bilərdik, bizi arxayınlaşdırmır. Orada ümumi atmosferin yaxşı olmayacağını bilirik, amma onları elə orada da dayandıracağıq. Bu, çətin olacaq, amma mümkünsüz deyil”.
