20 iyul 2011 01:26
Kəpəz Türkmənistan çempionunu Gəncəyə gəlməsinə peşman etdi
Xəbər verdiyimiz kimi, Türkmənistanın “Nebitçi” klubu “Kəpəz” ilə sınaq matçı keçirmək üçün ölkəmizə gəlib. Azerisport.az xəbər verir ki, dünən bu komandalar Gəncədə üz-üzə gəliblər.
Gəncədəki mərkəzi stadionda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Mehman Allahverdiyevin komandası türkmənlərin qapısından düz 5 cavabsız top keçiriblər. Gəncəlilər meydanda oyunun sonuna qədər üstünlüyü əldə saxlayıblar. "Kəpəz"in ilk qolunu matçın 37-ci dəqiqəsində komandanın düşərgəsində baxışda olan, ukraynalı hücumçu Yuriy Fomenko vurub. Daha sonra isə daha dəqiq, matçın 40 və 41-ci dəqiqələrdə komandaya yeni qoşulmuş Xəyal Qarayev fərqlənib. Birinci hissə bu hesabla da başa çatıb.
Qarşılaşmanın ikinci hissəsi də "Kəpəz"in hücumları ilə başlayıb. Komandanın baş məşqçisi Mehman Allahverdiyev həm legionerlər, həm də komandaya baxışa gələn digər oyunçuların özlərini göstərmələri üçün şərait yaradaraq onların texniki və taktiki, həmçinin də fiziki hazırlıqlarını yoxlayıb. Oyunun 48-ci dəqiqəsində baxışda olan Anton Qay, 69-cu dəqiqədə isə Muammer Erdoğdu fərqləniblər.
Görüşdən sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini söyləyib. Mehman Allahverdiyev bunları dilə gətirib: “Biz bu gün ilk yoxlama oyunumuzu keçirirdik. Komanda özünü heç də pis göstərmədi. Həm legioner, həm də yerli futbolçular xoşuma gəldilər”.
Türkmənistan çempionu olan “Nebitçi”nin baş məşqçisi Aleksey Klimenko isə bunları bildirib: “Mən onu deyə bilərəm ki, Azərbaycan futbolu tədricən Avropa səviyyəsinə yaxınlaşmaqdadı. Mən çox təəccübləndim ki, bizim rəqibimiz son mövsümdə doqquzuncu yeri tutub. Deməli, çempionatınız güclüdü. 0:5– bizim üçün acı nəticədi. Amma bundan dərs almalıyıq”.
