21 iyul 2011 14:44
Bahodir Nasimov Neftçidən ayrıldı
"Neftçi"nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, 2010/11 mövsümündə Premyer Liqanın ikinci ən yaxşı bombardiri Dünya çempionatı-2014-ün seçmə mərhələsinin Qırğızıstan yığması ilə keçiriləcək qarşılaşmalarında iştirak edəcək.
İlk oyun iyulun 23-də, cavab matçı isə bundan 5 gün sonra baş tutacaq.
Qeyd edək ki, əslində, hücumçu yığmanın düşərgəsində iyulun 18-də olmalı idi. Lakin "Neftçi" iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşırdı. Buna görə də "Neftçi" və Özbəkistan Futbol Federasiyasının rəhbərliyi arasında danışıqlardan sonra Nasimovun milli komandanın düşərgəsinə bir qədər gec qatılması barədə razılıq əldə olunub.
