21 iyul 2011 00:26
Üçüncü mərhələ üçün iki ümid
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparacaq.
Bunlar Farer adalarının “Streymur” klubu ilə mübarizə aparan “Qarabağ”la, İsrailin “Maccabi” (Təl-Əviv) komandasına rəqib olan “Xəzər Lənkəran”dı. Məlum olduğu kimi, AZAL və “Neftçi”nin çıxışını ilk mərhələdə dayandırmasından sonra bütün gözlər məhz Lənkəran və Ağdam klublarına yönəlib. Hər iki klubumuzun növbəti mərhələyə adlayacağına böyük inam var.
Bu mənada daha böyük şans “Qarabağ”dadı. Məlum olduğu kimi, Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəlmişdi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adlamışdı. Bu dəfə isə Qurban Qurbanovun komandası “Streymur”a eyni aqibəti yaşatmalıdı. İlk oyunda erkən qola imza atmalarına rəğmən, ağdamlılar məhz son saniyələrdə qol buraxmaqla qələbəni əldən vermişdilər – 1:1.
Amma buna baxmayaraq, “Qarabağ” növbəti mərhələyə adlamaq üçün çox gözəl şansa malikdi. Çünki cütün taleyi məhz doğma azarkeşlər önündə müəyyənləşəcək. Komandamız bu üstünlüyündən maksimum yararlanmağa sadəcə borcludu. Ağdamlıların növbəti mərhələyə adlamasına hətta qolsuz heç-heçə də kifayətdi. Lakin təbii ki, bu, çox təhlükəli variant olardı. Odu ki, “Qarabağ” özündən zəif rəqibi üzərində mütləq qələbə qazanmağa çalışmalıdı. Hətta qol buraxsa da belə. Axı bu qələbə həm də ölkəmizin UEFA reytinqi baxımından böyük əhəmiyyətə malikdi.
Komandamız bu oyuna demək olar ki, optimal heyətlə çıxacaq. Heyətdə yeganə itki isə ilk oyuna da aparılmayan Tural İsgəndərovdu. Lakin nəzərə alsaq ki, o, heç də əsas heyət oyunçusu deyil, o zaman “Qarabağ”ın “Streymur”u məğlub etməsinə heç bir problem olmamasını əminliklə qeyd etmək olar.
“Qarabağ”ın “Streymur” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
Azərbaycan kubokunun qalibi olan “Xəzər Lənkəran”ın vəziyyəti isə bir qədər fərqlidi. Məsələ burasındadı ki, komandamız səfərdən heç də sərfəli nəticə ilə qayıtmayıb. Təl-Əvivdə 3 qol buraxan təmsilçimiz bunlardan yalnız birinin əvəzini çıxa bilmişdi. Bu üzdən də Mirça Rednikin komandasını çox çətin bir vəzifə gözləyir.
Çünki, “ağ-yaşıllar” mərhələ adlamaq üçün qol buraxmadan rəqib qapısına iki dəfə yol tapmalıdılar. Rəqib qol vuracağı halda isə, vəziyyət bir qədər də qəlizləşəcək. Belə olan halda komandamız ən azı daha bir qol vurub ümumi hesabda tarazlığa nail olmalı, cütün taleyini əlavə vaxtda və ya penaltilərlə həll etməli olacaq. Bunu əsas vaxtda etmək üçün isə cənublular 3 top fərqi ilə qələbə qazanmalıdı. Çünki növbəti mərhələyə adlamaq üçün bu, çox vacibdi.
Qeyd edək ki, XL “Qarabağ” qədər yaxşı şansa malik olmasa da, hər halda müəyyən üstünlükləri var. Bunlardan da ən əsası şübhəsiz ki, cavab görüşünün Lənkəranda keçirilməsidi. Çünki doğma meydan amili belə oyunlarda böyük önəm kəsb edir. “Xəzər Lənkəran” isə Azərbaycanın ən yaxşı fanat ordusuna malik komandasıdı. Nəzərə alsaq ki, “ağ-yaşıllar”a digər bölgələrdən də gələcək futbolsevərlər dəstək olmağa çalışacaq, o zaman Rednikin yetirmələri belə möhtəşəm dəstəkdən maksimum yararlanmalıdı.
Komandamız mərhələ adlaya bilməsə də belə, minimum şəkildə turnirlə qələbə ilə vidalaşmalıdı. Çünki bu, ən azı Azərbaycanın UEFA reytinqi baxımından böyük önəm kəsb edir. Reytinqimizə əlavə olunan hər bir xal bu il də olmasa, növbəti illərdə işimizə çox yarayacaq. Odu ki, “Xəzər Lənkəran” ilk cəhdindəcə mübarizəni dayandıran AZAL və “Neftçi”nin uğursuzluqlarını təkrarlamalıdı. Qeyd edək ki, adıçəkilən klublarımızın hər ikisi səfərdə uduzduğu halda yalnız evdə heç-heçə etməsilə təsəlli tapıb.
Maraq üçün xatırladaq ki, “Xəzər Lənkəran” indiyə qədər 4 dəfə avrokuboklarda ölkəmizi təmsil etsə də, hər dəfə uğursuzluqla üzləşib. Bütövlükdə avrokuboklarda 8 oyun keçirmiş “ağ-yaşıllar” bunlardan yalnız üçündə heç-heçəyə imza atdığı halda qalan görüşlərdə məğlubiyyət acısı dadıb. Lakin bu dəfə artıq uğursuzluğa son qoymaq vaxtıdı. Əks halda son mövsümdə ölkə çempionluğunu da əldən verən Rednikin fəaliyyətinə uğursuzluqdan başqa qiymət verilməyəcək. Rumıniyalı mütəxəssisin “Xəzər Lənkəran”ın tarixinə düşməsi üçün də gözəl şansı var. Məsələ burasındadı ki, “ağ-yaşıllar” bu günə qədər qitə miqyaslı turnirlərdə qələbə də qazana bilməyib. Deməli, Rednik üçün eyni vaxtda bir neçə ilkə imza atmaq şansı var: avrokuboklarda ilk qələbə, ilk dəfə növbəti mərhələ adlamaq kimi uğurların memarı. Hər halda “Maccabi” böyük beşlik ölkələrinin təmsilçisi deyil və bu komandaya qalib gəlmək olar. “Xəzər Lənkəran” rəhbərliyi isə Mirça Rednikin qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini qoyub. Deməli, bu komandanı mütləq keçmək lazımdı.
“Xəzər Lənkəran”ın “Maccabi” ilə oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Kamran Ağayev, 85. Kamal Bayramov;
Müdafiəçilər: 2. Elnur Abdullayev, 3. Elvin Beqiri, 4. Veldin Muharemoviç, 8. Eder Bonfim, 23. Şəhriyar Xəlilov;
Yarımmüdafiəçilər: 5. Dieqo Souza, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 18. Alim Qurbanov, 81. Rikardo Qomeş, 84. Julius Vobay;
Hücumçular: 9. Tsaba Borbeli, 15. Emeka Opara, 77. Marius Onofraş, 80. Joao Pinto.
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunları
21 iyul
20:30. Xəzər Lənkəran - Maccabi (Təl-Əviv, İsrail)
(İlk oyun - 1:3)
Hakimlər: Andrey Şandor, Oleq Muravyov, Vladimir Volodin, Yaroslav Kozik (hamısı Ukrayna).
Hakim-inspektor: Nuno Kastro (Portuqaliya).
UEFA nümayəndəsi: Volf-Qanter Uyesel (Almaniya).
Lənkəran. ŞəhərMərkəzistadionu
21:00. Qarabağ – Streymur (Farer adaları)
(İlk oyun - 1:1)
Hakimlər: Qoran Spirkoski, İqor Şirilov, Kiril Neqrieski, Petar Veljanovski (hamısı Makedoniya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Marinus Den Enqelsman (Hollandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
