22 iyul 2011 02:26
Vaqif Cavadovun yeni klubu sabiq komandasına uduzdu
Millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubu məğlubiyyətlə üzləşib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Premyer Liqanın əvvəlki turlarından təxirə salınmış CSKA ilə oyunda belə aqibət yaşayıb.
Qarşılaşma 2:0 hesabı ilə qonaq komandanın – moskvalıların xeyrinə bitib. Nijni novqorodluların qapısından hər iki topu paytaxt klubunun hücumçusu Vaqner Lav keçirib. Beləcə, CSKA liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, Vaqif yetirməsi olduğu keçmiş klubuna qarşı forma geyə bilməyib. Çünki o, yalnız avqust ayından etibarən “Volqa”nın rəsmi oyunlarında meydana çıxa biləcək.
