22 iyul 2011 16:18
Qarabağın Bakıdakı oyunu isveçrəli tanış hakimə tapşırıldı
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” və “Brugge” arasındakı cavab oyunun da başlama vaxtı, keçirilmə yeri və baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimizin Belçika klubu ilə cavab qarşılaşması Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş avqustun 4-də Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi isə isveçrəli tanınmış referi Saşa Kever olacaq. Onun köməkçilərinin kimliyi isə bundan sonra açıqlanacaq.
Maraq üçün xatırladaq ki, bu hakim bundan əvvəlki iki mövsümdə Azərbaycan klublarının Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunlarını idarə edib. 2009-cu ildə o, "Ekranas" - "Bakı" görüşündə (2:2) ədaləti qoruyub. Ötən mövsüm isə "İnter" - "Lech" qarşılaşmasını (0:1) məhz Saşa Kever idarə etmişdi.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 28-də keçiriləcək. Brüggedəki “Yan Breydelstadion” arenasında baş tutacaq “Qarabağ” – “Brugge” matçının start fiti yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30-da) veriləcək. Həmin görüşü isə Şimali İrlandiyadan olan və Arnold Hanterin rəhbərlik edəcəyi hakimlər briqadası yönəldəcək.
