22 iyul 2011 18:56
PFL stadionları da püşklə seçir
Bu gün Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün püşkatmasından əvvəl çempionatın formatı barədə məlumat verilib. Azerisport.az xəbər verir ki, yeni mövsümdə də ötən illərdə olduğu kimi yarışa 12 komanda qoşulacaq və yenə "altılıq" sistemi tətbiq olunacaq.
PFL eyni stadionun xidmətindən yararlanan klubların ev oyunlarını keçirmə ardıcılığını müəyyənləşdirmək üçün püşk atıb. Tofiq Bəhramov adına Respblika stadionunda oynayan "Neftçi" və "Bakı"nın püşkatmasında birincilər ilk olaraq ev sahibi qismində çıxış etmək imkanı qazanıb. "Şəfa" stadionunun xidmətindən yararlanan "İnter"lə "Rəvan"ın püşkatmasında isə “bankirlər” adı birinci çıxıb.
“Qarabağ”la bağlı isə vəziyyət bir qədər fərqlidi. Məsələ burasındadı ki, Ağdam klubu növbəti mövsümdə ev oyunlarını keçirmək üçün 2 arenanı - Tofiq İsmayılov adına Suraxanı qəsəbə və Ağdamdakı Quzanlı Olimpiya İdman Kompleksinin stadionunu sifariş edib. Lakin “Qarabağ”ın hansı oyunları hansı arenada keçirəcəyi püşklə müəyyənləşəcək. Belə ki, bunun üçün başqa vaxt xüsusi tədbir təşkil olunacaq. Həmin tədbirdə media nümayəndələrinin də qarşısında “Qarabağ”ın hansı rəqiblərini Suraxanıda, hansıları isə Quzanlıda qəbul edəcəyini püşk müəyyənləşdirəcək.
