22 iyul 2011 11:16
ŞOK: Xəzər Lənkəran legionerlərini qovdu
Dünən keçirilən Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması olan “Xəzər Lənkəran” – “Maccabi” (Təl-Əviv) oyunundan sonra klub rəhbərliyinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda növbəti mövsüm üçün klubun strategiyası və planları təyin olunub.
Müzakirələrin nəticəsində klubun gələcəyinin yerli gənc futbolçularla bağlanması daha məqsədəuyğun hesab edilib. Bununla əlaqədar klub legioner və bir sıra yerli futbolçularla yollarını ayırmaq qərarına gəlib.
Qərara əsasən legionerlərə xərclənən vəsait bundan sonra gənc futbolçuların yetişdirilməsinə, aşağı yaş qruplarının təkmilləşməsinə yönəldiləcək ki, bunun da məqsədi “Xəzər Lənkəran”ın gələcəyinə və yerli futbolçuların inkişafına daha böyük töhvə verməkdi.
Klub rəhbərliyi bu strategiyanı yeganə doğru yol hesab edərək inanır ki, atılan bu addım “Xəzər Lənkəran”ın və Azərbaycan futbolunun ümumi inkişafına öz töhvəsini verəcək və sadiq azarkeşlər tərəfindən düzgün qarşılanacaq.
