23 iyul 2011 15:45
Xəzər Lənkəran xəyanətin qurbanı olub?
Avropa Liqasındakı uğursuz çıxışından sonra “Xəzər Lənkəran”da baş verən olaylar hazırda Azərbaycanın futbol gündəmini zəbt edib. Azerisport.az xəbər verir ki, öncə klubun əcnəbi futbolçularını qovduğu rəsmən bəyan olundu.
Ardından komandanın baş məşqçisi Mirça Rednik öz yaxın ətrafı ilə birlikdə istefa verərək vətəninə yollandı. Bu gün isə məlum oldu ki, klub rəhbərliyi yerli futbolçularından da bir neçəsini transferə çıxarıb. Bunlardan ikisi artıq məlumdu: Kamran Ağayev və Rahid Əmirquliyev. Amma deyəsən, onlarla bərabər Elnur Allahverdiyev də satışa çıxarılıb. Hər halda bunu komandada son günlərdə baş verənləri yaxından izləyən azarkeşlərin “Bosman” fan-klubunun rəsmi saytında qələmə aldığı yazı da sübut edir. Həmin yazının daha çox maraq doğuran hissəsini olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu il də Avrokubok ümidlərimiz doğrulmadı. Amma komanda keçənilkindən fərqli həm səfərdə, həm də evdə döyüşdü. Mərhələ adlaya bilməsə də bəli, məhz döyüşdü. Rəqib güclü olsa da komandamız döyüşdü. Bu döyüşkənlik bütün azarkeşləri məmnun etdi. Bəli, hamı həyəcanla izlədi, komandaya inanaraq hətta əlavə oturacaqlarla tutumu çoxaldılmış bütün tribunalar inanılmaz dəstək nümayiş etdirdi. Nə olsun ki, mərhələ adlaya bilmədi. Amma azarkeşlər sona qədər dəstək verdi. Əvvəlki illərdən fərqli olaraq istefa fikri heç ağıllarına da gəlmədi. Çünki "Xəzər Lənkəran” azarkeşi komandanın və xüsusən baş məşqçi Mirça Rednikin işini artıq çoxdan bəyənmişdi. Onun bir insan kimi keyfiyyətlərini, bir mütəxəssis kimi istedadını və dəyərini bilirdi. Mirça Rednikin sayəsində son bir il ərzində komandada əsl bir peşəkar klub ab-havası yaranmışdı. Bir peşəkar klubda olduğu kimi azarkeşlər, məşqçi-futbolçu heyəti və klub rəhbərliyi qarşılıqlı inam və hörmət müstəvisində fəaliyyət göstərirdi. İllər ərzində ürəklə "Xəzər lənkəran”a bağlı olan əsl azarkeşin görmək istədiyi bir komanda formalaşmışdı. Daha əvvəlki kimi komandanı zəiflədən dedi-qodular deyil, yalnız inkişaf haqda danışılırdı. "Xəzər Lənkəran” böyümüşdü, "Xəzər Lənkəran” onu sevənlərin ürəklərinin daha dərinliyinə kök salmışdı. Bu idi Mirça Rednikin gözəl mütəxəssisliyindən əlavə olaraq bir insan kimi dahiliyi. Bəli, Mirça Rednik həm bir mütəxəssis, həm də bir insan kimi dahi bir şəxs idi. Onu hamı sevirdi və "Xəzər Lənkəran”ın böyük klub olmaq yolundakı olan ümidlər yalnız ona bağlanmışdı. Əgər biz onun da qədrini bilmədiksə, deməli peşəkar klub ola bilmərik. Onsuz da çox komandaların adının qarşısında PFK (Peşəkar Futbol Klubu) bildirişi yazılır. Amma bu bildirişlə peşəkar klub olmaq mümkün deyil. Əfsuslar olsun ki, real olaraq Mirça Redniklə buna yaxın olan komandamız da bu şansı qaçırdı.
Bəli, Mirça Rednik "Xəzər Lənkəran”dan getdi. Gedərkən dediyi sözlər bunlar idi: "Mən "Xəzər Lənkəran”da işləyərkən dünyanın bir çox ölkələrindəki klublardan maddi baxımdan daha sərfəli təkliflər almışdım. Lakin mən yenə burada "Xəzər Lənkəran” azarkeşlərinə görə qaldım. Mən onları çox sevirəm, onlar sevgiyə və əzizlənməyə layiqdirlər, onları qoruyun.” Son olaraq o,vətəninə dönmək üçün Bakı-İstambul reysindən istifadə edərkən, artıq İstambul hava limanından bir daha bizə zəng edərək, çox kövrək bir tərzdə:-" mənim artıq geri dönməm mümkün deyil, mən birdəfəlik bu komandadan getdim. Yalnız sizdən bir xahişim var, azarkeşlərimizə salamlarımı çatdırın və deyin ki, mən onları çox sevirəm. Sizlərdən ayrılmaq mənim üçün ən çətinidir.” Bəli, biz beləsinin qədrini bilmədik.
Bu gün gecə yarısından mətbuatda gedən xəbərləri çoxları izləyib. Xəbərlərdə deyilir ki, "Makkabi” ilə oyundan sonra klub rəhbərliyi Mirça Redniklə söhbətində onun komandada qalması şərti ilə bütün legionerləri göndərməyi təklif edib. Əvəzində yerli və gənc futbolçulardan bir heyət quraraq işini davam etdirməsini istəyib. Rednik də onun işinin uşaq futbolçuları yetişdirmək olmadığını klub rəhbərliyinin diqqətinə çatdırıb. Belə olan halda klub rəhbərliyi onun məvacibə görə narahat olmamasını istəyib və əvvəlki məvacibin qüvvədə qaldığını söyləyib. Lakin əvəzində Rednik bu sözləri deyib:-"Mənə bir çox yerlərdən daha sərfəli təkliflər var idi. Mən ondan azına sizinlə razılaşaraq qol çəkdim. Bunu yalnız və yalnız komandanın azarkeşlərini gözümün önünə gətirərək imza atdım. Çünki mən hələ dünyanın heç bir yerində "Xəzər Lənkəran” azarkeşləri kimi dəyərli insanlar görməmişəm. Mən onlara qəlbən bağlıyam.” Bundan sonra o düşərgəni tərk etmiş, ardiyca bütün məşqçilər korpusu və sonra da bütün legionerlər, hətta yerli futbolçular belə bazanı boş qoyublar.
İndi keçək bütün bunlara səbəb olan şahidi olduğumuz məsələlərə. Yuxarıda komandanın Lənkərana dönüşü zamanı azarkeşlərin onları qarşılamalarından söz açmışdıq. Qarşılanma mərasimi komandanın avtobusunun stadionun həyətinə qədər müşayiət olunması ilə davam etdi. Daha sonra azarkeşlər avtobusdan enən futbolçuları alqışlayaraq salamladılar. Burada hər bir futbolçu özünəməxsus tərzdə reaksiya verirdi. Yalnız yerli oyunçulardan Rahid Əmirquliyev, Kamran Ağayev və Elnur Allahverdiyev kəskin sifət göstərərək:-"Alqışlayın, alqışlayın, legionerləri alqışlayın, əsas onlardır” deyərək, ironiyalı tərzdə avtobusdan enib, baqajdan çantalarını götürüb azarkeşlərin arasından saymazyana keçərək bazaya yollandılar. Kimdir onlara bu cəsarəti verən? Onların nə haqqı var ki, azarkeşlərlə belə rəftar etsinlər?
Daha sonra həmin gün saat 19:00-da məşq olacağı bildirilsə də, yarımsaatlıq gecikmə ilə yəni, 19:30-da məşq başladı. Məşqi izləməyə gələn azarkeşlərin sayı daha çox idi. Hava qaralana yaxın məşq prosesini tamamlayan komanda üzvləri bazanın yolunu tutarkən yaşlı və Lənkəranda tanınmış olan bir ziyalı azarkeş, Kamran Ağayevi səsləyərək ona yaxınlaşdı. Həmin ziyalı azarkeş Kamrana bu sözləri dedi:” Kamran, sən bizim fəxrimizsən. Biz Mirça Redniki görə bilmirik, görəndə də dilini bilmədiyimizdən onunla danışa bilmirik. İndi sən komandanın kapitanısan. Xahiş edirik ki, bizim sözlərimizi ona çatdırasan.” Ağsaqqal azarkeş bundan sonra "Makkabi”ni necə dayandırmağın yolları haqda öz düşüncələrini Mirça Rednikə çatdırmaq üçün Kamrana dedi. Daha sonra ətrafda olan azarkeşlərdən birinin kamrana belə bir müraciəti oldu: "Kamran, biz sənin Təl-Əvivdə buraxdığın üçüncü qolu haqsız sayırıq. Yalnız onu bilmək istəyirik ki, sən həmin anda topu hansı formada saxlamışdın? Əllərinin içərisində sıxaraq, yoxsa iki əlinlə topu yerə sıxaraq? Çünki bunların hakimin verdiyi qərarda əhəmiyyəti var.” Elə söhbətin tempi də bundan sonra daha kəskinləşdi. Kamranın buna reaksiyası heç bir etik normaya sığmayaraq, əl-qol ölçə-ölçə: "Gedin bütün bunları ondan soruşun (Redniki nəzərdə tutur). Hamısını o elədi. Səviyyəsiz legionerləri gətirib yığıb komandaya. Məgər bizimkilər onlardan pis oynayırdı? (Halbuki, səfər oyununda buraxılan hər üç qolda yerli oyunçuların səhvi olduğunu hamı görüb). Gedin, ondan soruşun! Pulu verirlər onlara. Bizə isə barmaqarası baxırlar. Mənim komandayla müqaviləm yoxdur, qurtarıb. Amma hardasa mən komandanı sevirəm. Ona görə də müqaviləsiz belə oynayıram. Kuboku alan sostavımız pis idi məgər? Onlar qalsaydı biz "Makkabi”ni orda da udardıq (Halbu ki, kubok alan heyəti də Kamran məşqlərdə az təhqir eləmirdi)
İndi düşünmək lazımdır ki, məşqçi haqqında hər hansı bir futbolçunun azca da olsa eyhamla danışması dunyada heç bir yerdə qəbul olunmur və o, dərhal cəzalandırılır və ya komandadan uzaqlaşdırılır. O ki, qaldı açıq-açığına yüksək səslə bir xeyli azarkeşin yanında belə məsul oyun öncəsi belə azğın danışmaq. Bu nədir, komanda daxilində qiyam? Özü də yerli (hətta milli) futbolçuların qiyamı? Biz həmin günü bunun dözülməz olduğunu bilə-bilə bu məsələni mətbuata çıxarmadıq. Buna göz yummaq mümkün olmasa da, belə bir məsul oyundan qabaq bunun komandaya öldürücü təsiri ola bilərdi. Azarkeşlər də bunu bilib komandadan iyrənər və hətta stadiona gəlməyə bilərdilər. Onda hələ qalan ümidlər birdəfəlik puç ola bilərdi. Qərara aldıq ki, oyundan sonra bu məsələni açıqlayaq. Amma bunun qarşısını almaq üçün isə mütləq baş məşqçini xəbərdar etmək lazımdır. Yalnız bu taktika bəhrə verə bilərdi.
İndi komandada yaranan gərginlik bir müddət əvvəl baş verən bu qiyamın təsirindənmi yaranıb? Niyə onlar belə rəzil hərəkət etdilər? Bəlkə onların himayədarları "Neftçi”nin uğursuzluğunu unutdurmaq üçün, diqqətləri "Xəzər Lənkəran”a yönəltmək imiş. Necə ki, bu gün futbolda bütün məsələlər arxa plana keçərək hamı, bütün mətbuat yalnız "Xəzər Lənkəran”dakı son hadisələrdən danışır. Əgər həqiqətən bu belədirsə, onda bu yerli oyunçular hansı üzlə milli komandanın şərəfini qoruyurlar? Şərəfi qorumaq üçün şərəfli birisi olmaq gərəkdir. Belə satqın oyunçular "Xəzər Lənkəran”a gərək deyil! Qoy onların "şərəfinə” uyğun olan komanda onları sırasına qatsın! Onu da demək istəyirik ki, komandanın bu gün elan olunan strategiyası bir baxımdan yaxşı səslənsə də, yəni yerli futbolçulardan qurulan heyətlə inkişaf nəzərdə tutulsa da bu heç də çıxış yolu deyil. Çıxış yolu beynəlxalq praktikada olduğu kimi, əsas komanda saxlanılaraq, yerli futbolçuları bunun əsasında yetişdirməkdir. "Barselona", "Real", "Bavariya", və sair klublar futbolçu yetişdirmək üçün məgər əsas komandanı dağıtmışdılar? Yoxsa biz də "Karvan" və ya "MKT Araz" klublarının yolunumu gedirik. Bizə futbolçu yetişdirərək, əsas iddialı komandası olan "Xəzər Lənkəran" gərəkdir. Əks halda çoxlarının qabağında boynubükük "Xəzər Lənkəran" yox! Elə isə komandanın fəaliyyətini birdəfəlik dayandırın və ürəyimizi verdiyimiz komandanı elə əbədi ürəyimizdə də dəfn edək”!
