24 iyul 2011 00:57
Brugge Qarabağla oyuna qələbə ilə çıxmaqdan məhrum oldu
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Brugge” klubu komandamızla görüşdən öncə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Belçika klubu Hollandiyanın “Roda” komandası ilə qarşılaşıb.
Görüş məhsuldar heç-heçə ilə başa çatıb. Belə ki, 34-cü dəqiqədə hollandlar penalti ilə hesabı açsalar da, 69-cu dəqiqədə “Brugge” də eyni şans qazanıb və bundan dəqiq yararlanıb. 85-ci dəqiqədə “Roda” yenidən hesabda önə keçsə də, bundan cəmi 4 dəqiqə sonra ağdamlıların rəqibi məğlubiyyətdən qaça bilib – 2:2.
Qeyd edək ki, “Qarabağ”la “Brugge” arasındakı ilk qarşılaşma iyulun 28-də səfərdə keçiriləcək. Cavab görüşü isə avqustun 4-də oynanılacaq. Adre Kosterin komandası komandamızla cavab görüşünə kimi daha bir matça çıxacaq. Belə ki, “qara-mavilər” iyulun 31-də Belçika çempionatının 1-ci turu çərçivəsində “Westerlo” ilə ilk sınağa çıxacaqlar.
