25 iyul 2011 20:48
XL Mirça Rednikin tələbi ilə razılaşdı
Avropa Liqasındakı uğursuz çıxışdan sonra şok qərarlarla gündəmi zəbt edən “Xəzər Lənkəran”ın taleyi hələ də qaranlıqdı. Azerisport.az xəbər verir ki, öncə klub rəhbərliyi legioner futbolçuları komandadan uzaqlaşdırmışdı.
Ardından bu qərara razılaşmayan Mirça Rednik istefa verərək vətəninə yollanmışdı. Lakin dünən yenidən Bakıya qayıdan rumıniyalı mütəxəssis bu gün rəhbərliklə görüş keçirib. Onların qarşısına legionerlər gedəcəyi halda komandada qalmayacağı tələbini qoyan Rednikin istəyinə çatdığı bildirilir. Belə ki, “Xəzər Lənkəran” rəhbərliyi artıq “Maccabi” (Təl-Əviv, İsrail) ilə oyundan sonrakı qərarını dəyişməli olub.
Lakin cənubluların transferə çıxaracağı yerli futbolçuların aqibətinin necə olacağı bilinmir. Qeyd edək ki, bunlar Kamran Ağayev, Rahid Əmirquliyev və Elnur Allahverdiyevdi. Deyilənə görə, onlar Rednikin fəaliyyətindən və komandadakı legionerlərin çoxluğundan heç də razı deyil.
Mirça Rednikin artıq sabahdan etibarən komandanı yenidən bir araya gətirəcəyi bildirilir.
