26 iyul 2011 17:47
“Qarabağa hər qol vəziyyətindən yararlanmaq lazım gələcək”
Farer adalarının “Streymur” klubunun kapitanı Marni Yurhus azerisport.az saytına müsahibəsində “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki şanslarından danışıb.
Onun sözlərinə görə, Ağdam klubunun Belçika “Brugge”si ilə oyunlarda müsbət nəticə əldə etmək üçün şansı var: “Komandanızda uğur qazanmaq üçün hər cür şans var. Əminəm ki, belçikalılar Bakıda özlərini heç də rahat hiss etməyəcəklər. Burda xüsusilə hava şəraitinə görə oynamaq onlar üçün çox çətin olacaq. Elə azarkeş təzyiqi baxımından da”.
“Streymur”un kapitanı onu da bildirir ki, hələ indiyə qədər Bakıdakı qədər azarkeşin gözü qarşısında meydana çıxmamışdı: “Farer adalarında belə stadionlar yoxdu. Ona görə də uşaqlarımızın əksəri ilk dəfə idi ki, belə azarkeş ordusu qarşısında futbol oynayırdılar. Maraqlı idi. Azərbaycanda çox isti publika var. Düzdü, onlar bizi çox fitə bassalar da, hər halda özümüzü evdəki kimi aparmağa çalışırdıq”.
“Brugge” daha təcrübəli komandadı. Ona görə də “Qarabağ”a hər qol vəziyyətindən yararlanmaq lazım gələcək. Kimə azarkeşlik edəcəm? Prinsipcə, azərbaycanlılar bizi çox isti qarşıladılar. Bu oyunları xüsusi olaraq izləyəcəyimi deyə bilmərəm. Amma “Qarabağ”a uğurlar arzulayıram” – deyə Yorhus qeyd edib.
O, sonda növbəti mərhələyə adlaya bilməmələrinə dü münasibət bildirib: “Qarabağ”ı keçə bilmədiyimizə görə xəcalət çəkdiyimizi deməzdim. Hər halda biz rəqibə uduzmadıq. Digər tərəfdən qarşımızdakı komanda demək olar ki, Azərbaycan yığması idi. Buna baxmayaraq, rəqibi yaxşı öyrənmişdik, kimin harda oynadığını bilirdik. Əsas odu ki, biz xarakter göstərdik. Hələ Bakıda təyyarədən enəndə bizdə heç nə alınmayacağını düşünürdüm. Amma yaxşı ki, oyunun ikinci hissəsində artıq vəziyyət bir qədər düzəlmişdi. Evdə isə daha yaxşı oynamışdıq”.
