26 iyul 2011 22:51
Avroliqada üçüncü mərhələ ev qələbəsi ilə başladı (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada üçüncü tur cəmi bir oyunla başlayıb.
Məsələ burasındadı ki, bu mərhələnin qalan bütün oyunları iyulun 28-də keçirilməli olsa da, “Bnei Yehuda” (İsrail) – “Helsingborg” (İsveç) görüşü klubların qarşılıqlı razılığına əsasən iki gün öncəyə çəkilib. Sadəcə bu günkü qarşılaşma digərlərindən ayrılıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu turnirin birinci təsnifat mərhələsindən 50 komanda mübarizəyə qoşulmuşdu və onlardan yarısı mübarizəni ilk cəhddə dayandırarkən, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmişdi. İkinci təsnifat mərhələsində isə daha 40 komanda yarışla vidalaşdı. Eyni sayda komanda isə mübarizəni üçüncü təsnifat mərhələsində davam etdirmək hüququna yiyələndi.
Təəssüf ki, birinci mərhələdə mübarizəni dayandıranlar arasında Azərbaycan klublarından AZAL, eləcə də ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran” da vardı. Amma hər iki mərhələni uğurla adlayan “Qarabağ” artıq pley-offa çıxmaq üçün mübarizə aparır. Ağdam klubunun “Brugge” (Belçika) ilə oyunuyla yanaşı bu mərhələdə daha 34 qarşılaşma keçirilməlidi.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
İlk oyun
26 iyul
Bnei Yehuda (İsrail) – Helsingborg (İsveç) - 1:0 (1:0)
