26 iyul 2011 11:56
Avropanın ən yaxşısı adına 3 namizəd
UEFA Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirir. Azerisport.az xəbər verir ki, bu ad uğrunda artıq 3 futbolçu mübarizə aparır.
Bunlar İspaniyanın “Barcelona” klubunun ulduz oyunçuları Lionel Messi və Xavi Ernandes, eləcə də Madrid “Real”ının portuqaliyalı futbolçusu Kristiano Ronaldodu. Avropanın ən yaxşı oyunçusu mükafatına da məhz bu üç nəfərdən birinin sahib çıxacağı dəqiqdi.
UEFA bununla bağlı açıqlamasında bildirib ki, qalibin adı avqustun 25-də Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı bəyan olunacaq. Öncədən 10 əsas namizəd bu ada iddia göstərsə də, Avropanın 53 ölkəsindən sorğuya qatılan jurnalistlərin səsləri bu üçlüyü qalib adına yaxınlaşdırıb.
Mübarizəni erkən dayandıranlar isə bunlar olublar: Andres İnyesta (Barcelona, 33 xal), Falkao (Porto, 17), Ueyn Runi (Manchester United, 15), Nemanya Vidiç (Manchester United, 5), Zlatan İbrahimoviç (Milan, 4), Cerard Pike (Barcelona, 4), Manuel Noyer (Schalke, 3).
Xatırladaq ki, Lionel Messi ötən mövsüm 53 qol vurmuşdu və Xavi ilə birgə “Barcelona”nın Çempionlar Liqasını, İspaniya çempionluğunu qazanmasına töhvə vermişdi. “Real”ın portuqaliyalı ulduzu Ronaldo isə, La Liqada 40 qol vurmaqla rekorda imza atmışdı.
