28 iyul 2011 00:05
İnter Premyer Liqa klubundan 3 qol buraxdı (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplanışında olan “İnter” bu gün növbəti mövsümə hazırlıq çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” bu dəfə İngiltərə Premyer Liqasını təmsil edən “Swansea City” komandasıyla qarşılaşıb.
Qeyd edək ki, Uelsin Suonsi şəhərində 1912- ildə yaradılan bu klub o zaman İngiltərə Futbol Liqası adlanan futbol təşkilatına 1920-ci ildə qoşulub. 1926 və 1964-cü illərdə İngiltərə Kubokunun yarımfinalçısı olub. 10 dəfə Uels Kubokunun qalibi adını qazanıb. Ötən mövsüm isə 28 ildən sonra Premyer Liqaya vəsiqə əldə etməyi bacarıb.
Qarşılaşmanın ilk yarısı "İnter" üçün yaxşı - qolsuz bitib. Lakin fasilədən sonra Premyer Liqa təmsilçisi komandamıza yerini göstərib. 47-ci dəqiqədə Sinkleyr hesabı açıb.54-cü dəqiqədə Bittye hesab arasındakı fərqi artırıb. 74-cü dəqiqə komandamız Girt Karlsonun vurduğu topla fərqi minimuma endirməyi bacarsa da, elə bir dəqiqə sonra Mur yekun nəticəni müəyyənləşirən qola imza atıb - 3:1.
Bu komanda ilə görüş Kaxaber Tsxadadzenin yetirmələri üçün Sloveniyadakı üçüncü sınaq matçı olub. Xatırladaq ki, bundan öncə Türkiyə Superliqa klubları ilə qarşılaşan “bankirlər” “Bursaspor”a 0:3 hesabıyla məğlub olduğu halda, “Antalyaspor”la 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
Yoldaşlıq oyunu
27 iyul
İnter - Swansea City - 1:3 (0:0)
