27 iyul 2011 21:29
Bruggenin baş məşqçisi: Böyük hesablı qələbə gözləyirəm
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
“Sabah bizi heç də sıradan bir oyun gözləmir. Mövsümün ilk oyunları həmişə çətin olur. Bizim rəqibimiz kifayət qədər güclü rəqibdi. Asanlıqla keçə biləcəyimiz rəqiblərdən deyil” – deyə Koster bildirib.
Hollandiyalı mütəxəssis komandamızın oyunundan danışarkən, maraqlı fikirlər səsləndirib: “Qarabağ”ın oyunlarının videoyazısına baxanda təəccübləndim. Rəqib komandanın güclü, təhlükəli futbolçuları var. Düzünü deyim ki, bu, mənim üçün sürpriz oldu. Amma mən həmişə öz komandama baxıram. Bu, mənim üçün daha vacibdi. Bizim öz oyun üslubumuz var. Odu ki, sabah öz futbolumuzu oynayacağıq. Yaxşı nəticəyə ümid edirəm”.
Komandamız haqda ehtiyatlı danışsa da, Koster yetirmələrindən “Qarabağ” üzərində böyükhesablı qələbə gözləyir: “Mən uşaqlardan böyük hesablı qələbə gözləyirəm. Və ya heç olmasa iki qol vursunlar, amma buraxmamaq şərtilə. Axı bizi qarşıda çətin Bakı zəfəri gözləyir”.
Yeri gəlmişkən, “Brugge”nin baş məşqçisi artıq onları Bakıda isti hava gözlədiyindən xəbərdardı: “Mən cavab oyunu barədə danışmaq istəmirəm. Amma Bakının havası barədə düşünürəm. Çünki hazırda sizdə çox isti hava var. Odu ki, yaxşısı budu, hər şeyə elə doğma meydanda aydınlıq gətirək. Amma düşünmürəm ki, bu, o qədər də asan başa gələcək. Mən “Qarabağ”a hörmət edirəm”.
Koster komandası barədə də danışıb: “Yeni futbolçularımızın sayının çox olmasına baxmayaraq, komandamız yaxşı vəziyyətdədi. Yeni gələnlər komandaya çox tez uyğunlaşdılar. Düşünmürəm ki, oyunun gedişində anlaşma baxımından hansısa problemimiz olacaq. Onlar kifayət qədər tanınmış oyunçulardı, öz işlərinin peşəkarlarıdılar. Sabah onların əksəri meydana çıxacaq. “Bayer” və “Roda” ilə oyunlarda məni razı salıblar”.
