27 iyul 2011 20:24
AZAL Konyaspora məğlub oldu (YENİLƏNİB)
Türkiyədəki toplanışını davam etdirən AZAL Qızılcahamam hazırlığı çərşivəsində bu gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” bu dəfə də Türkiyə klubu ilə - “Konyaspor”la qarşılaşıb.
Qeyd edək ki, bu komanda ötən mövsüm Superliqada mübarizə aparırdı. Lakin uğursuz çıxışı nəticəsində 17-ci yeri tutaraq Bank Asya birinci liqaya yuvarlandı. Bakı klubu ilə qarşılaşmada isə konyalılar daha inamlı oyun sərgiləyiblər. Matçda hesabı 33-cü dəqiqədə meydan sahibləri açıb ki, 5 dəqiqə sonra onlar daha bir qola seviniblər. Komandalar fasiləyə türklərin 2:0 hesablı üstünlüyü ilə yollanıblar. 52-ci dəqiqədə AZAL buraxılan qollardan birininin əvəzini çıxıb. 79-cu dəqiqədə "Konyaspor" daha bir qol vursa da, cəmi bir dəqiqə sonra "təyyarəçilər" buna cavab verə biliblər. Amma onların bundan artığına gücləri çatmayıb və qarşılaşma 2:3 hesabıyla türklərin xeyrinə başa çatıb.
Sonda onu da xatırladaq ki, AZAL bundan əvvəl Qızılcahamamda daha 3 sınaq görüşünə çıxmışdı. İranın “Fulad” klubuyla 2:2 hesablı heç-heçəyə razılaşan “təyyarəçilər” ardından bu ölkənin digər təmsilçisi “Şahin”ə də qalib gələ bilməmişdilər. Türkiyənin 3-cü liqasında mübarizə aparan "Kilimli Bələdiyyəsi" ilə qarşılaşmada isə AZAL nəhayət ki, yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirmişdi.
Yoldaşlıq oyunu
27 iyul
AZAL - Konyaspor - 2:3 (0:2)
