29 iyul 2011 01:23
Qarabağ Brüggedən darmadağınla qayıdır (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada bir Azərbaycan klubu da növbəti mərhələyə pley-offa yüksəlmək üçün mübarizə aparır.
Bu, Belçikanın “Brugge” klubu ilə mübarizə aparmaq məcburiyyətində qalan “Qarabağ”dı. Məlum olduğu kimi, AZAL və “Xəzər Lənkəran”ın Avroliqada, “Neftçi”nin Çempionlar Liqasında çıxışını startdaca dayandırmasından sonra bütün gözlər məhz Ağdam klubuna yönəlib. Bir sözlə son iki mövsümdə olduğu kimi, Qurban Qurbanovun komandası yenə Azərbaycanın avrokuboklardakı ən layiqli təmsilçisi kimi mübarizəni davam etdirir.
Lakin çox təəssüf ki, Ağdam klubu "Brugge" ilə görüşdə arzulanmaz nəticə ilə üzləşdi. Hər halda 1:4 hesablı yenilginin əvəzini çıxmaq o qədər də asan olmayacaq. Xatırladaq ki, cavab görüşü avqustun 4-də Bakıda baş tutacaq.
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
28 iyul
BRUGGE - QARABAĞ - 4:1 (1:0)
Qol: Fleminks, 9 (1:0), Vaskes, 56 (2:0), R.Əliyev, 62 (2:1), Donk, 71 (3:1), Dirar, 83 (4:1)
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.
BRUGGE: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredrik Stenman, 6. Niki Zimlinq, 8. Lior Refaelov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocica.
Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 15. Yozef Akpala, 19. Tomas Meunier, 20. Tibaut Van Aker, 26. Fries Deşilder, 27. Cimmi de Yonqe, 28. Yannes Vanstenkiste.
Baş məşqçi: Adri Koster.
QARABAĞ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (4. Zaur Həşimov, 81), 5. Maksim Medvedev (20. Nderim Nedzipi, 88), 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 12), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Emin İmaməliyev, 9. Bəxtiyar Soltanov.
Baş məşqçi: Qurban Qurbanov.
* Oyuna bir neçə saat qalmış Brüggedə hava bir qədər mülayimləşib. 3 gündü davam edən yağışlı hava şəraiti bu gün erkən saatlarında da davam etsə də, saat 5 raddələrində nəhayət Belçikanın ucqar şəhəri də gün üzü gördü.
* "Qarabağ"ın kapitanı Rəşad Sadiqovun qardaşının vaxtsız vəfatından dolayı oyunu buraxacağı məlumdu. "Qarabağ" tərəfinin müraciətindən sonra oyun qabağı Norveçdə terror nəticəsində həlak olanlarla yanaşı Səbuhi Sadiqovun da xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
Stadion tamamilə dolub və əsl anşlaq var
2. Nadirov zədələnsə də, deyəsən, ciddi heç nə yoxdu
3. Əfranın asması Adamiyaya çatmır
5. Komandamız oyuna pis başlamayıb. "Brugge" hələ ki, öz oyununu tapa bilmir
6. "Qarabağ" rəqibin hər top itkisindən sonra hücuma atılmağa çalışır
7. Təəssüf ki, komandamızda da top itkiləri çoxdu
8. Qapımız qarşısında ilk təhlükəli vəziyyət: Dirar sağ cinahdan əla ötürmə alsa da, boş qapıya düşə bilmir
9. Hufkensdən ötürmə alan Fleminks topu rahatca qəbul edib qapıdan keçirir - 1:0
12. Deyəsən, Vüqarın zədəsi ciddidi. Qurbanovun onun əvəzində meydana İlqar Qurbanovu buraxır
14. Meydan sahiblərinin korner vuruşu təhlükəli alınır
17. "Brugge" artıq üstünlüyü ələ alıb, "Qarabağ" isə top saxlaya bilmir
18. Cərimə zərbəsi qazanırıq. Sadıqovun ötürməsindən sonra Telinin zərbəsində azacıq dəqiqlik çatışmır
19. Fleminksin daha bir təhlükəli zərbəsini bu dəfə Boyan zərərsizləşdirir
21. Komandamız bir qədər özünə gəlib
25. Zimlinq qola yaxın olsa da, Boyan əla reaksiya nümayiş etdirir
29. Meydan sahiblərinin korner vuruşu zamanı Fleminksin təhlükəli zərbəsini yenə Boyan əla reaksiya ilə çıxarır
33. Donkun zərbəsi yandan keçir
35. Komandamızın künc zərbəsindən fərqlənmək istəyi alınmır
38. Əfranın zərbəsi dəqiq alınmır
43. Belçikalıların künc zərbəsindən fərqlənməsinə müdafiəçilərimiz mane olurlar
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. "Brugge" ikinci hissəyə də fəal başlayıb.
48. Aqolli sarı vərəqə alan ilk futbolçu olur
49. Ocicanın zərbəsi üstdən keçir
50. Ağdamlılar Fleminksi zərərsizləşdirməkdə çox çətinlik çəkirlər
54. İlqarın asmasını Əfran qeyri-dəqiq zərbə ilə tamamlayır
55. Donkun çox təhlükəli zərbəsi zamanı hər şey bizim üçün yaxşı qurtarır
56. Vaskes komandasının ikinci qoluna imza atır - 2:0
59. Maksim zədələnsə də, meydana qayıda bilir
60. Əfranın möhtəşəm zərbəsi dirəkdən dönür
61. Refaelovun zərbəsində dəqiqlik çatışmır
62. QOOOOOOOOOOOOOOOL. Əfrandan əla ötürmə alan Rauf qapıçıyla mübarizədən qalib ayrılır - 2:1
63. Dirarın təhlükəli zərbəsi yandan keçir
65. Donk Aqolliyə qarşı kobudluq edir
65. Hufkens hakimlə mübahisəyə görə sarı vərəqə ilə cəzalanır
67. "Qarabağ" artıq daha çox topla davranmağa başlayıb
68. Əfran əla oyunuyla diqqət çəkir
69. Çox emosional oyun gedir. Demək olar ki, hər top uğrunda gərgin mübarizə var
70. Əfran topla təxminən 70 metr reyd edir. Stadion şokdadı
71. Amma bu, bizi üçüncü qoldan xilas etmir. Autdan göndərilən topu Donk tora qovuşdurur - 3:1
73. Dördüncü qolu buraxırıq...Amma ofsayd qərarı var
77. Vaskesin zərbəsi qeyri-dəqiq olur
81. "Qarabağ"da Qara Qarayevi Zaur Həşimov əvəzləyir
83. Dirar daha bir qol vurur - 4:1. Amma "Qarabağ" darmdağına layiq deyildi
85. "Brugge"də əvəzləmə: Meunier Refaelovun əvəzində meydana daxil olur
87. Əfranın zərbəsi yan keçir
88. Bir neçə dəqiqədi zədələnən Maksim geri qayıtmır və onun əvəzində meydana Nedzipi çıxır
89. Künc zərbəsi zamanı Həşimovun zərbəsi dəqiq olmur
90+1. Fleminksin zərbəsini son anda Boyan çıxara bilir
90+1. Ocicanın zərbəsi qeyri-dəqiq olur
90+3. Matç başa çatdı
