29 iyul 2011 15:28
Futbolçulara əhsən, rəhbərliyə...
Bütün ümidlərimiz məhv oldu. AZAL, “Neftçi” və “Xəzər Lənkəran”ın rüsvayçı çıxışından sonra avrokuboklarda yenə yeganə ümidimizə çevrilən “Qarabağ” da demək olar ki, eyni aqibəti yaşadı.
Hər halda Belçika “Brugge”sinə səfərdəki 1:4 hesablı yenilgidən sonra bəlkə ən nikbin ağdamlı azarkeşlər də komandasının evdə növbəti mərhələyə vəsiqəni təmin edəcəyinə inanmırlar. Azerisport.az xəbər verir ki, üçüncü təsnifat mərhələsi bu ilki avrokuboklar mövsümündə ən yüksək göstəricimiz olmaq üzrədi.
Bu isə Qurban Qurbanovun hətta son iki mövsümdəki uğurunu da təkrarlaya bilməməsi deməkdi. Axı bundan əvvəlki mövsümlərdə Ağdam klubu ən azı pley-offa kimi irəliləyə bilirdi. Özü də məhz hazırkı futbolçuların və baş məşqçinin xidmətləri sayəsində. Amma bu dəfə çətin ki, onlar belə ağır yenilginin əvəzini çıxa bilsinlər. Halbuki, klubun vitse-prezidenti Tahir Gözəl komandanın qarşısına nəinki ən azı son illərdəki uğuru təkrarlamaq, hətta qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini qoymuşdu.
Lakin gəlin razılaşaq ki, bu uğursuzluğun əsas səbəbkarları da elə məhz Tahir Gözəl və onun əlinin altındakı digər rəsmilərdi. Klub rəhbərliyi komanda üçün sadəcə pul xərcləmək istəmir. Bu, artıq aşkar görünür. Biz kimincə pulunu hesablamaq niyyətində deyilik. Amma bu artıq danılmaz faktdı ki, ciddi uğur qazanmaq istəyən klub bunun üçün də ciddi maliyyə itkisinə razılaşmalıdı.
Ağdamlılar artıq Azərbaycan çempionatında çoxdan çempionluğa oynamırlar. Çünki komandanın qarşısına heç belə vəzifə də qoyulmur. Səbəb sadədi. Rəhbərlik komandanın ancaq Avropa Liqasında çıxış etməsinə çalışır. Bu, onlar üçün ideal ideya hesab oluna bilər. Amma azarkeşlər artıq 3 mərhələ yox, daha böyük uğurlar tələb edirlər. Artıq onlar internet forumlarda “Qarabağ”ın Hafiz Məmmədov, Mübariz Mənsimov kimi prezidenti olsaydı, daha böyük uğurlar qazanmasının mümkünlüyündən danışırlar. Hər halda öz aramızdı, qısa zaman kəsiyində “Xəzər Lənkəran” özünə əla stadion, “Bakı” super baza inşa etdirdi. Bununla yanaşı yeni transferlərə də az pul xərcləmirlər. Daha bu yöndəki siyasətin nə dərəcədə uğurlu olması ayrı söhbətin mövzusudu. Amma “Qarabağ”da bunların heç biri yoxdu.
Amma bir neçə il öncə Tahir Gözəl jurnalistləri başına yığaraq möhtəşəm bir idman kompleksinin layihəsi ilə tanış etmişdi. Lakin sonra klub bundan imtina edib Tofiq İsmayılov adına Suraxanı qəsədə stadionunu icarəyə götürməyə qərar verdi. Lakin orda aparılması gözlənilən yenidənqurma işlərindən də bir xəbər çıxmadı. Bütün bu faktları “Qarabağ” rəhbərliyi ilə müzakirə etdikdə isə əllərindəki “tuz”u ortalığa qoyurlar – Quzanlıya qayıtmaq versiyasını.
Son vaxtlar “Qarabağ” üç aparıcı üzvünü – millinin oyunçularını əldən buraxıb: Vaqif Cavadov, Elnur Allahverdiyev və Elvin Məmmədov. Əgər Vaqifə əvəzləyici kimi Rauf Əliyev baxılırsa, Elnurun mövqeyində Ansi Aqolli yaxşı oyunu ilə diqqət çəkirsə, Elvinin mövqeyində də qeyri-sabit oyunuyla seçilən Vüqar Nadirov çıxış edir. Əvəzləyici tapılır. Amma ən vacib olan odu ki, komandada lazımi rəqabət yoxdu. Ehtiyat qüvvənin azlığı futbolçuların gücünün tükənməsinə də gətirib çıxarır. Bu mövsüm artıq bütün futbolçular bundan şikayət edirlər. Üç il fasiləsiz top qovan oyunçunun müəyyən mənada şikayətlənməyə haqqı var. Amma “Qarabağ” rəhbərliyi deyəsən bütün bunları düşünmür.
Onlar hətta komandanın çarter reysinə də layiq olmadığı qənaətindədi. “Qarabağ” bu mövsüm üç dəfə səfərə çıxıb. Öncə Litvaya əsrarəngiz səfər: Bakı-Riqa-Vilnüs-Klaypeda marşrutu ilə. Daha sonra Farer adaları. Bura marşrut daha əla idi: Bakı-İstanbul-Kopenhagen-Torshavn. Sonda da Belçikaya Bakı-İstanbul-Brüssel-Brügge marşrutu. Bir aydan da az vaxt ərzində 8 müxtəlif şəhər, 11 təyyarə. Klub rəhbərliyi isə komanda üçün adi bir çarter reysi ayırmaqda maraqlı deyil. Düzdü, bu, baha deyil. Bu, kluba 20-25 000 manata başa gəlir. Hər halda “Qarabağ”ın rəhbərliyini 60-70 min manatlarına qənaət edə bildiklərinə görə təbrik etmək olar.
Komanda üzvlərinin bütün bu “qənaətcil siyasətin” necə “Qurban”ı olduqlarını Brüggedəki oyun tam çılpaqlığıyla göstərdi. Futbolçuların demək olar ki, hamısı əzələləri dartılmış, müxtəlif zədələr almışdılar. Onların necə əziyyət çəkdiyini kənardan hamı görə bilir, siz yox? Bu siyasəti dəyişmək lazımdı, cənablar! Əks halda bundan artığına heç vaxt nail ola bilməyəcəksiz.
