29 iyul 2011 19:33
Neftçi rəsmi olaraq təsdiqlədi
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədovun postundan gedişi rəsmiləşib. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubunun rəsmi saytı da bu xəbəri təsdiqləyib. Həmin xəbərlə sizi də tanış edirik:
“Avropa Çempionlar Liqası yarışında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb. Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.
"Neftçi" PFK-nın yeni baş məşqçisi ilə bağlı məlumat yaxın vaxtlarda rəsmi saytımızda açıqlanacaq”.
