29 iyul 2011 19:45
Arif Əsədov: Yeni baş məşqçiyə uğurlar arzulayıram
Azərbaycan çempionu “Neftçi”nin artıq sabiq baş məşqçisi Arif Əsədov paytaxt klubundan istefa verməsi ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, “ağ-qaralar”ın rəsmi saytına açıqlamasında bunları bildirib:
"İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. Mən "Neftçi"nin yetirməsiyəm və həmişə də ürəyim flaqmanın yanında olacaq. "Neftçi"nin böyük tarixi var və bu komanda hər zaman yüksək yerlər uğrunda oynamalıdır. Çempionlar Liqasındakı uğursuzluqdan sonra bir baş məşqçi kimi məsuliyyəti öz üzərimə götürüb, klub prezidentinə istefa ərizəsi ilə müraciət etdim. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm, əl-ələ verib bir neçə iş gördük. Həyat davam edir. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidi. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".
