31 iyul 2011 00:16
Qəbələ Belçika klubunun hücumçusunu aldı (FOTO)
"Qəbələ" xaricdə yaşayan azərbaycanlı futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Belçikanın "Sent-Trüden" klubunda çıxış edən Rey Məmmədbəyli ilə güclənib.
Məmmədbəyli artıq ötən gün Gürcüstanın "Dila" klubuna qarşı oyunda forma geyinib və komandasının yeganə qoluna imza atıb. Rey oyundan sonra yeni komandası ilə bağlı fikirlərini bildirib: "Qəbələ" kimi kluba gəldiyim üçün çox şadam. Elə ilk mövsümdəcə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Bilirəm ki, əsas heyətə düşmək çox çətin olacaq. Amma bunun üçün çalışmaq lazımdı".
Qeyd edək ki, 19 yaşlı futbolçu Azərbaycana gəlməzdən əvvəl Belçikanın "Sent-Trüden" klubunda çıxış edirdi. Əvvəlcə komandanın əvəzedici heyətində çıxış edən futbolçu "Sent-Trüden" güclülər dəstəsinə çıxandan sonra əsas heyətə cəlb olunmuşdu. O, "Sent-Trüden" əvvəl "Antverpen"də oynamış və 32 qol vuraraq gənclər arasında Belçika çempionatının bombardiri olmuşdu. Rey uzun illərdi ailəsi ilə birlikdə Belçikada yaşayır. O, Azərbaycanın U-19 yığmasına çağırılırdı.
