31 iyul 2011 12:31
“Püşkün nəticəsi ilə bağlı Foqtsla fikirlərimiz üst-üstə düşür”
Xəbər verdiyimiz kimi, Braziliyanın Rio-de-Janeyra şəhərində 2014-cü ildə bu ölkədə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov püşkün nəticəsi ilə bağlı fikirlərini bildirib:
“Millimizin maraqlı qrupda yer aldığını düşünürəm. Lüksemburq yığması istisna olmaqla, digər rəqiblərimizin hər biri ilə müxtəlif vaxtlarda dünya və ya Avropa çempionatlarının seçmə mərhələsində qarşılaşmışıq. Bununla yanaşı, millimiz Lüksemburq yığması ilə yoldaşlıq oyunu keçirib. Belə demək mümkünsə, bütün rəqiblərimizlə tanışlığımız var. Qeyd edim ki, püşkün nəticəsi ilə bağlı millimizin baş məşqçisi Berti Foqtsla fikirlərimiz üst-üstə düşür. Məlum olduğu kimi, Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində cari seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Mövsümün sonunda B.Foqts AFFA rəhbərliyinə baş məşqçi kimi fəaliyyəti və millinin nəticələri haqda geniş hesabat verəcək. Bundan sonra onunla müqavilənin artırılıb-artırılmaması barədə qərar qəbul olunacaq.
Ümidvaram ki, millimiz DÇ-2014-ün seçmə mərhələsində layiqli çıxış edərək, ölkə futbol ictimaiyyətini və azarkeşləri sevindirəcək”.
