2 avqust 2011 14:54
Qarabağ və digər klublarımız üçün Brugge nümunəsi
Belçikanın “Brugge” klubunun meneceri Henk Mariman nəinki Avropa Liqasındakı rəqibləri “Qarabağ”, eləcə də digər Azərbaycan klublarının rəhbərliyi və menecerləri üçün nümunə ola biləcək bir şəhərdən başqa bir şəhərə, ölkəyə səfərin necə həyata keçirilməsindən danışıb. Azerisport.az onun bu yöndəki açıqlamaları ilə sizi də tanış edir.
Məlum olduğu kimi, çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la “Brugge” Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. İlk oyun belçikalıların 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu isə o deməkdi ki, rəqib komandanın baş məşqçisi Adri Koster yetirmələrini çox yormaq istəməyəcək. Elə məsələ də Belçika klubunun cavab görüşünə necə hazırlaşmasındadı.
Marimanı eşidək: “Biz ilk növbədə Bakıya birbaşa çarter reysiylə yollanmaq problemini yoluna qoyduq”. Bəli, məhz birbaşa çarter reysi ilə. Halbuki, ilk oyunda 4:1 qalib gələn bu komandanın cavab görüşündə 0:3 hesabıyla uduzması elə də inandırıcı görünmür. “Brugge” hətta piyada da gəlsə, istədiyi nəticəyə nail olaraq geri qayıda bilər. Amma onlar Ağdam klubunun yürütdüyü siyasəti təkrarlamağı ağlına da gətirmir.
Yolda “Brugge” sadəcə Çexiyada təyyarənin yanacaq ehtiyatını doldurmaq üçün yerə enməli olacaq. Belçika klubu özü ilə aşpaz da gətirir ki, o, komanda üzvlərini bişirdiyi yeməklərlə təmin edəcək: “Biz Azərbaycana bir qədər tez gedirik. Çünki orda isti olduğundan buna alışmaq lazımdı. Özümüzlə ancaq su və energetik içkilər götürmüşük. Heç bir çay və ya kofeyə ehtiyac duymadıq”.
Mariman artıq özü Bakıda olub. O, “Qarabağ”ın “Streymur”la cavab oyununu izləyib: “Mən eşidəndə ki, Azərbaycana getməliyəm, dərhal bu ölkə haqda məlumat toplamağa başladım. Bakı tikintilər şəhəridi. Tofiq Bəhramov adına stadion isə “С” hərfi formasındadı”.
Xatırladaq ki, “Qarabağ” “Brugge” ilə səfər oyununa Bakı-İstanbul-Brüssel reysi ilə yollanmışdı. Brüggeyə isə avtobusla getmişdi. Matçın gedişində ağdamlıların üç futbolçusu zədələnərək meydanı tərk etməli olmuşdu. Geri qayıdanda da eyni reyslə qayıdılmışdı.
