2 avqust 2011 11:54
“İnanıram ki, bu il tam tərsi olacaq”
“Bakı”nın Sierra-Leoneli futbolçusu İbrahim Karqbo komandasının növbəti mövsümə hazırlıqları, təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq oyunları, “Qəbələ” ilə səfər oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az onun həmin fikirləri ilə sizi də tanış edir:
“Yeni mövsümə ciddi hazırlaşmışıq. Sloveniyada keçirdiyimiz yoldaşlıq görüşlərində qələbə qazana bilməsək də, bu, önəmli deyil. Əsas məqsəd fiziki və taktiki hazırlığımızın səviyyəsinin yüksəlməsidi.
Hər bir oyuna qələbə qazanmaq üçün çıxmaq lazımdı. Bununla belə yoldaşlıq görüşləri komandanın zəif cəhətlərini təyin etmək baxımından önəmlidi. Xatırlıyırsınızsa, keçən il təlim-məşq toplanışı zamanı keçirdiyimiz yoldaşlıq görüşlərində qələbələr qazanmağımıza baxmayaraq, bütövlükdə uğursuz bir mövsüm keçirdik. İnanıram ki, bu il tam tərsi olacaq və yoldaşlıq görüşlərində məğlub olsaq da, çempionatda uğurlu çıxış edəcəyik.
Bu mövsüm komandamızın və şəxsən mənim əsas məqsədim birinci olmaqdı. Bir neçə gündən sonra çempionatın startı verilir. İlk turda qarşılaşacağımız “Qəbələ” yaxşı komandadı. Hər iki komanda yeni qurulub. Rəqibin oyununu görməmişəm. Bu səbəbdən oyunun necə keçəcəyini deməkdə çətinlik çəkirəm. “Qəbələ”nin Toni Adams kimi baş məşqçisi var. Bu il onlar da uğurlara imza atmaq istəyirlər.
Sonda üzümü azarkeşlərimizə tutub, demək istərdim ki, uğursuzluqları unudub, irəli baxsınlar. Hər oyun komanda ilə birlikdə olub, qələbələrimizə şahid olsunlar. Mən inanıram ki, onları sevindirməyi bacaracağıq”. (klubun rəsmi saytı)
