2 avqust 2011 12:15
Soliç: Bu amil bizə müəyyən çətinlik yaradacaq
"Bakı”nın yarımmüdafiəçisi Aleksandar Soliç komandasının yeni mövsüm hazırlıqlarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu gələcəyə nikbinliklə baxır:
“Yeni mövsümə hazırlıq yaxşı keçdi. Bunun üçün hər bir şərait yaradılmışdı. Gözəl meydançalar, yüksək səviyyəli otel və ideal hava şəraitində çalışdıq. Mövsümə ciddi hazırlaşmışıq. Bundan sonra çempionatı gözləmək qalır. İlk turdan meydandan qələbə ilə ayrılıb, məqsədə doğru irəliləməliyik.
Yoldaşlıq görüşlərində qələbə qazana bilməməyimiz önəmli deyil. Yeni komanda qurulub və bir qədər vaxt lazımdı ki, hər şey qaydasına düşsün.
İlk turda qarşılaşacağımız “Qəbələ” yaxşı klubdu. Hər oyun olduğu kimi, bu oyuna da yalnız qələbə qazanmaq məqsədi ilə çıxacağıq. İlk oyunu süni meydanda keçirməliyik. Bu amil bizə müəyyən çətinlik yaradacaq, ancaq çalışmalıyıq ki, bu oyunda qələbə qazanıb çempionata uğurlu start verək.
Bilirəm ki, “Bakı” azarkeşləri məndən yalnız yaxşı oyun gözləyirlər. Buna söz verirəm, ancaq ən əsası komandanın inamlı oyunudu. Biz kollektiv olaraq qələbələr qazanmalıyıq.
Futbolçu isə bir oyunla həm sevilə, həm də gözdən düşə bilər. Çalışacağam ki, hər oyun meydanda var gücümü qoyum, qollarımla azarkeşlərimizi sevindirim. Tərəfdarlarımıza stadionlara gəlib, bizə dəstək vermələrini xahiş edirəm.
“Bakı” azarkeşləri çox etibarlıdı, onlar uğursuz anları komandanı tərk buraxmayıblar. Çətin durumlardan birgə çıxmağı bacarmaq lazımdı. İnanıram ki, bu il komandamız layiqli mövqelərdə qərarlaşacaq”. (klubun rəsmi saytı)
