3 avqust 2011 17:00
Cavadov Volqada növbəti oyununa çıxdı
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov Rusiyanın “Volqa” klubunda növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz bu dəfə də sınaq matçında meydana çıxıb.
Belə ki, baş məşqçi Dmitri Çerışev komandasını “Volqa”nın əvəzedici heyəti ilə qarşılaşmada sınayıb. Bununla o, həm əsas, həm də əvəzedici komandanın üzvlərini iş başında görüb.
Hər biri biri 35 dəqiqədən ibarət iki hissənin oynanıldığı görüşdə Vaqif meydana 36-cı dəqiqədə, yəni fasilədən sonra çıxıb. İlk yarısı 2:1 hesabıyla əsas komandanın xeyrinə başa çatan görüşün ikinci hissəsində Vaqifin komandası daha bir qol vuraraq 3:1 hesabıyla qələbə qazanıb.
Yeri gəlmişkən, Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov da bu görüşdə forma geyib. Əvəzedici komandanın üzvü elə Vaqiflə eyni vaxtda - 36-cı dəqiqədə meydana çıxıb və əsas millimizin hücumçusuna qarşı çıxış edib.
Görüşdən sonra Nijni Novqorod klubunun baş məşqçisi yeni futbolçulardan heç kimi xüsusi vurğulamaq istəmədiyini, hamısından razı qaldığını dilə gətirib.
