3 avqust 2011 19:08
Brugge Bakıda da dəstəksiz qalmayacaq
Belçikanın “Brugge” klubu Bakıya azarkeşləri ilə birgə gəlib. Azerisport.az xəbər verir ki, komanda səfər oyununda da dəstəksiz qalmamaq üçün əməli işlər görüb.
Belə ki, klub rəsmilərinin də yer aldığı nümayəndə heyətində 21 azarkeş, eləcə də 8 jurnalist də yer alıb. Lakin komandanı “Qarabağ”la sabahkı oyunda dəstəkləyənlərin daha çox olacağı güman olunur. Çünki ölkəmizdə yaşayan bu ölkənin vətəndaşlarının da oyuna gəlməsi istisna deyil.
Qeyd edək ki, “Brugge” Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidi. İlk oyunda 4:1 hesablı qələbəyə sevinən bu komanda ilə Ağdam klubu arasındakı cavab görüşü sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionuda keçiriləcək.
